“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
25.10.2013, 10:29
1423

Azərbaycan tarixi günbəgün: 25 oktyabr

A- A+

25 oktyabr 1991 - Azərbaycan Respublikasının Dövlət Şurası və dövlət katibi postu təsis edilib...

 

25 oktyabr 1912 - Xalq rəssamı, ilk azərbaycanlı qadın teatr rəssamlarından biri Bədurə Məlik qızı Əfqanlı (Ağamalova) (1912 - 7.5.2002). Uzun illər "Azərbaycanfilm"də geyim üzrə quruluşçu rəssam işləyib. 

 

25 oktyabr 1913 - Bakıda (Tağıyev teatrında) Üzeyir Hacıbəylinin «Arşın mal alan» operettasının ilk tamaşası olub.  

 

25 oktyabr 1921 - Xalq artisti Nəcibə Haşım qızı Məlikovanın (1921 - 27.7.1992) doğum günüdür. Müxtəlif teatrlarda çalışıb. "Ögey ana" (1959), "Aygün" (1961), "Əhməd haradadır?" (1964), "Arşın mal alan" (1966) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

 

25 oktyabr 1954 - Görkəmli aktyor, xalq artisti Mirzağa Əliyev (1883-1954) vəfat edib.

 

25 oktyabr 1991 - Azərbaycan Respublikasının Dövlət Şurasının yaradılması və dövlət katibi postunun təsis edilməsi barədə fərmanlar verilib. Yeni qurumun aqibəti ondan öncə təsis edilən Təhlükəsizlik Şurası və Müdafiə Şurasının aqibətindən fərqlənmədi. Prezident Ayaz Mütəllibov müxalifəti bu məşvərətçi qurumlara cəlb etməklə özünün zəif hakimiyyətinin ömrünü uzatmaq məqsədi güdürdü. Dövlət katibi postuna təyin edilən akademik Tofiq İsmayılov bir ay sonra Qarakənd faciəsində (20 noyabr) həlak oldu.

 

25 oktyabr 1997 - Azərbaycan neftinin Şimal marşrutu - Bakı-Novorossiysk neft kəməri ilə ixracı başlanıb. Sovet dövründə inşa edilən boru xətti Çeçenistandakı müharibə səbəbindən uzun müddət fəaliyyətsiz qalmışdı. Bakı-Novorossiysk kəməri ilə Azərbaycan neftinin nəqli haqda hökumətlərarası müqavilə 1996-cı ilin 18 yanvarında bağlanmışdı. 1 ton neftin nəqlinə görə müəyyən edilən tarif 15,67 dollar təşkil edirdi. Bakı-Novorossiysk neft kəmərinin uzunluğu 800 kilometrdir, nəql gücü ildə 5 milyon tondur.

 

25 oktyabr 2001 - ABŞ Senatında gərgin müzakirələrdən sonra Azərbaycana qarşı diskriminasiya aktının - «Azadlığa Dəstək Aktı»na 907 saylı düzəlişin qüvvəsinin dayandırılması barədə qərar qəbul edilib. Senat qərarı Azərbaycanın antiterror koalisiyasında ABŞ-la müttəfiq olmasını və Ağ ev administrasiyasının bununla bağlı müraciətini nəzərə alaraq qəbul etmişdi. «907»-nin qüvvəsinin dayandırılması ilə bağlı prosedur 2002-ci ilin yanvarında tamamlandı.

 

25 oktyabr 2002 – "Gülüstan" sarayında “Azərbaycan Rüspublikasında Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramı"nın təqdimatı keçirilib. Prezident Heydər Əliyevin 2001-ci il 2 mart tarixli sərəncamı əsasında hazırlanan və Dövlət Proqramı 2003-2005-ci illəri əhatə edən Dövlət Proqramında makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, özəlləşdirmənin sürətləndirilməsi, ölkədə orta aylıq əməkhaqqının 1,8 dəfə artırılması və s. tədbirlər nəzərdə tutulmuşdu.

 

25 oktyabr 2005 - Prezident İlham Əliyev «Milli Məclisə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında» sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda ilk dəfə olaraq seçicilərin səsvermə zamanı barmaqlarının işarələnməsi (gözlə görünməyən mürəkkəblə) praktikası tətbiq olundu. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

 

Xəbərlər
Redaktorun seçimi