Azərbaycan tarixi günbəgün: 28 oktyabr
28 oktyabr 1995 - Bakı metrosunun "N.Nərimanov" və "Ulduz" stansiyaları arasında sərnişin qatarında yanğının baş verməsi nəticəsində 300-dək insan həlak olub...
28 oktyabr 1911 - XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq yazıçısı, dramaturq, ictimai xadim Mirzə İbrahimov (1911-1993) anadan olub. «Gələcək gün», «Böyük dayaq» romanlarının, povest və hekayələrin, pyeslərin müəllifidir. Mirzə İbrahimov 1950-ci illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri, SSRİ-nin Asiya və Afrika xalqları ilə Həmrəylik Komitəsinin sədri olub, uzun müddət Azərbaycan Yazıçılar Birliyinə rəhbərlik edib.
28 oktyabr 1993 - Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti Ermənistanın silahlı qüvvələrinin Azərbaycana qarşı işğalçılıq hücumlarının (Zəngilan, Cəbrayıl, Füzuli rayonları ərazilərinin işğalı) genişlənməsi ilə bağlı bəyanat verib. Bəyanatda erməni qüvvələrindən BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qətnamələrinə əməl etmək, qoşunları işğal etdikləri ərazilərdən çıxarmaq tələb olunurdu. Lakin rəsmi Vaşinqtonun bu çağırışı Ermənistan tərəfdən faktiki olaraq saya salınmadı.
28 oktyabr 1995 - Bakı metrosunda dəhşətli qəza baş verib. Metronun "N.Nərimanov" və "Ulduz" stansiyaları arasında sərnişin qatarında yanğının baş verməsi nəticəsində 300-dək insan həlak olub. 400-dən çox insan müxtəlif dərəcəli yanıq və xəsarət alıb. Bu, dünya tarixində ən böyük metro qəzası idi. Tələfatın böyük olması qatarın tuneldə alışması və xilasetmə əməliyyatının yetərsizliyi ilə bağlı idi. Hadisədə terror əməli aşkarlanmadı və o, texniki qəza kimi qiymətləndirildi.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: