“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
12.12.2013, 09:22
1219

Azərbaycan tarixi günbəgün: 12 dekabr

A- A+

12 dekabr 1945 - Cənubi Azərbaycanda Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında inqilab (21 Azər hərəkatı) qələbə çalıb...

 

12 dekabr 1727 - Rusiya ilə Səfəvi dövləti arasında Habur sülh müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, Cavad, Salyan, Şeşpara, Rustov, Quba əraziləri Rusiyanın nəzarətinə keçib. Bundan öncə bağlanan Peterburq müqaviləsi ilə (12 sentyabr 1723) Səfəvilər Xəzərsahili bölgələri Rusiyaya güzəştə getmişdi.

 

12 dekabr 1893 - Görkəmli, aktyor, rejissor Abbas Mirzə Mirzə Əbdülrəsul oğlu Şərifzadə (1893 - 16.11.1938) Şamaxıda anadan olub. Stalin repressiyalarının qurbanı olub, İran dövlətinə casusluq etməkdə ittiham olunaraq güllələnib. 1956-cı ildə ölümündən sonra ona bəraət verilib.

 

12 dekabr 1905 - İranda inqilab başlanıb. Rusiyadakı 1905-ci il inqilabının təsiri altında başlayan və tarixə Məşrutə (Konstitusiya) inqilabı adı ilə düşən hadisələr tədricən (1908-ci ildən) Cənubi Azərbaycanda milli hərəkata çevrilib. Səttərxanın başçılıq etdiyi inqilab 1911-ci ilin dekabrında Rusiyanın İran rejiminə köməyi ilə yatırılıb. Təbrizə daxil olan rus qoşunları inqilabçılara divan tutublar.

 

12 dekabr 1945 - Məşrutə inqilabının ildönümündə Cənubi Azərbaycanda Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında yeni inqilab qələbə çalıb. Cənubi Azərbaycan Milli Məclisinin qərarı ilə Pişəvərinin başçılığı altında Milli Hökumət qurulub. Hərəkata dəstək verən sovet qoşunları İranı tərk edəndən sonra şah rejimi Milli Hökumət üzərinə hücuma keçdi və o, bir il sonra, 1946-cı il dekabrında süqut etdi. Azərbaycan SSR-ə mühacirət edən Pişəvəri 1947-ci il iyununda müəmmalı avtomobil qəzasında həlak oldu.

 

12 dekabr 1968 - Xalq artisti, tanınmış teatr və kino aktyoru Mustafa Həşim oğlu Mərdanov (28.2.1894 - 1968) vəfat edib. 1894-cü ildə Cənubi Azərbaycanda, Mərənddə dünyaya göz açıb, sonra ailələri Tiflisə köçüb. Moskvada Dövlət Teatr Sənəti İnstitutunu bitirib, 1924-cü ildə Bakıya gəlib. “Qara daşlar” (Dəmirov), “O olmasın, bu olsun” (Həsən bəy), “Qanun naminə” (Murtuzov) filmlərində yaddaqalan obrazlar yaradıb.

 

12 dekabr 1999 - Azərbaycanda ilk bələdiyyə seçkiləri keçirilib. Seçkilər nəticəsində ölkə üzrə 2660-dək bələdiyyə (21 mindən çox bələdiyyə üzvü) formalaşdı. Ən böyük bələdiyyəyə 19, ən kiçik bələdiyyədə 5 üzv seçilmişdi.

 

12 dekabr 2003 - Azərbaycan xalqının ümummilli lideri, eks-prezident Heydər Əliyev ABŞ-ın Klivlend Klinikasında uzun sürən xəstəlikdən sonra vəfat edib. Heydər Əliyevin vəfatı ilə bağlı Azərbaycanda 7 günlük matəm elan olunub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi