“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
24.04.2013, 15:05
410

Şərq Tərəfdaşlığı Proqramına separatçılıq kölgəsi

A- A+

Yeni təşəbbüs işğal olunmuş ərazilərdəki QHT-lərə beynəlxalq meydan aça bilər

Avropa İttifaqının Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyətləri Forumunun İdarə Heyətinin aprelin 4-5-də İrəvanda toplantısında beynəlxalq hüquq və normalara, ən əsası Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının prinsipləri ilə ziddiyyət təşkil edən qərar qəbul edilib.

Qərara görə, işğal olunmuş ərazilərdə fəaliyyət göstərən QHT-lərin növbəti Forumda iştirakının təmin edilməsi üçün Milli Platformalarının müzakirələrə başlaması haqda qərar qəbul edib.

Bu qərar Azərbaycanda ciddi narazılıqla qarşılanıb.

Məsələ ilə bağlı açıqlama verən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev bildirib ki, bu təşəbbüs Şərq Tərəfdaşlığı Proqramını zərbə altına qoya bilər.

Belə bir qərar tərəflər arasında sülh yaratmaqdan çox, konfliktin daha da dərinləşməsinə rəvac verir.

“Bəllidir ki, Dağlıq Qarabağ Azərbaycanın, eləcə də Abxaziya, Cənubi Osetiya, Dnestryanı ərazilər Gürcüstan və Moldovanın ayrılmaz tərkib hissələridilər. Bu kimi təşəbbüslər iştirakçı dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmətsizlikdir. Buna isə heç bir şərtlə yol verilə bilməz”, - deyən Azay Quliyev indiki situasiyada yalnız bir fikirin mövcud olduğunu bildirib: “Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərdən olan QHT-lər yalnız və yalnız Azərbaycan Milli Platforması tərkibində müzakirələrdə iştirak edə bilərlər. Onlara hər hansı müşahidəçi və ya hər hansı assosativ üzv statusu vermək kifayət qədər yanlışdır və buna biz tərəfdən imkan verilməyəcək”.

“Bu qərarın icrasının qarşısının alınması üçün hansı addımlar atılmalıdır?” sualını cavablandıran millət vəkili qeyd edib ki, “Avronest Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov və Milli Platformanın üzvləri rəsmi şəkildə bu məsələyə etiraz ediblər. Əgər nəticə olmasa bu ilin may ayında Avronest PA-nın Brüsseldə keçirilməsi planlaşdırılan illik sessiyasında və komitə iclaslarında bu məsələ qaldırılacaq və ona müvafiq qərarın qəbul olunmasına çalışacağıq. Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platformasının Şərq Tərəfdaşlıq proqramında qalıb –qalmamağı məsələsi də müzakirə oluna bilər. Ümid edirəm ki, bizim Gürcüstan və Moldovadan olan həmkarlarımız da bu məsələyə adekvat qiymət verəcəklər”.

QHTxeber.az

* * *

Mövzuya dair:

“Forumda Dağlıq Qarabağdan olan QHT-lər ayrıca iştirak edə bilməyəcəklər”

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun oktyabrda Moldovada keçiriləcək illik yığıncağında Dağlıq Qarabağdan olan QHT-lər ayrıca iştirak edə bilməyəcəklər. Forumun İdarə Heyətinin bununla bağlı qərarı var”.

Bunu APA-ya açıqlamasında Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu İdarə Heyətinin üzvü, Azərbaycan üzrə Milli Platformanın koordinatoru Qubad İbadoğlu deyib. Q. İbadoğlu bildirib ki, Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu İdarə Heyətinin aprelin 4-5-də İrəvanda toplantısı keçirilib: “Mən Azərbaycandan qurumun İdarə Heyətində təmsil olunan yeganə şəxsəm. Həmin toplantıya qatılmadığıma görə, Azərbaycan bu yığıncaqda təmsil olunmayıb. İclasda forumun illik toplantısının keçirilməsi ilə bağlı müzakirələr aparılıb. Qərara alınıb ki, illik toplantı oktyabrın 4-də və 5-də Moldovanın paytaxtı Kişinyovda olsun. Burada münaqişə olan bölgələrin də vətəndaş cəmiyyəti təşkilatlarının həmin toplantıda iştirakı məsələsi müzakirə olunub. Təklif edilib ki, “Şərq Tərəfdaşlığı regionları” adlı qrup yaradılsın və bura Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya və Dnestryanıdan QHT-lər cəlb edilsin. İdarə Heyətinin üzvü kimi mən həmin yığıncaqda iştirak etmədiyimə görə, qərar qəbul edilməyib”.

Q. İbadoğlu qeyd edib ki, bu təklif Forumun Azərbaycan üzrə Milli Platformasında aprelin 16-da müzakirə edilib və qərara gəlinib ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir və bu baxımdan Dağlıq Qarabağda olan QHT-lərin təmsilçiliyinə yalnız Azərbaycan nümayəndə heyətinin tərkibində ola bilər: “Qərarımızda təklif olunub ki, əgər Dağlıq Qarabağdan bu çərçivədə forumun işində iştirak etmək istəyən varsa, müraciət edə bilər. Dağlıq Qarabağın erməni icmasını təmsil edən olacaqsa, bir QHT-də azərbaycanlı icmasından olmalıdır. Əgər ermənilər buna razılıq verərlərsə, biz növbəti toplantıda onların iştirakı məsələsinə baxa bilərik. Bu qərarı Forumun İdarə Heyətinə göndərdik və qurum Milli Platformanın bu qərarını qəbul etdi. Yəni Dağlıq Qarabağdan olan QHT-lərin burada iştirakı məsələsi bitdi. Artıq ermənilərin bizə müraciət edib-etməyəcəklərini deyə bilmərəm. Abxazlar, osetinlər və digər münaqişə bölgəsindən olan QHT-lərin iştirakı məsələsinə isə bizim aidiyyatımız yoxdur”.  

 

 

Xəbərlər
Redaktorun seçimi