“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
23.03.2015, 22:31
1671

İkili standartlar yeni münaqişələrə yol açır

A- A+

Rövşən Rzayev: “Ukraynalı qaçqın və məcburi köçkünlərin vəziyyətindən danışan AŞPA məruzəçisi iyirmi ildən artıq bu həyatı yaşayan azərbaycanlıların məsələsinə toxunmadı”

Martın 23-də Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) miqrasiya, qaçqın və məcburi köçkünlər komitəsinin qurumun yaz sessiyası qarşısında növbəti yığıncağı keçirilib. Komitə üzvləri gündəliyə çıxarılan “Terrorçu İŞİD qrupunun bəşəriyyəti təhdid edən hərəkətləri”, “Ukrayna münaqişəsi zamanı yox olan insanlar”, “Miqrantlara qarşı zorakılıq” və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Yığıncaqda iştirak edən Azərbaycan Milli Məclisinin deputatı, AŞPA-nın miqrasiya, qaçqın və məcburi köçkünlər komitəsinin üzvü Rövşən Rzayev çıxışında beynəlxalq təşkilatların Azərbaycana qarşı ikili standartlarla davranmasına diqqət çəkib.

Milli Məclicin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rövşən Rzayev yığıncaqla bağlı demişdir: “AŞPA sədri xanım An Brasörün iştirak etdiyi komitə iclasında xüsusi maraq kəsb edən məsələlər müzakirə edildi. Böyük Britaniyalı deputat Cim Şerdanın hazırladığı “Ukranyalı qaçqın və məcburi köçkünlərin vəziyyəti” məruzəsi komitə üzvlərinin geniş müzakirəsinə səbəb olub. Təəssüflə qeyd edim ki, ukraynalı qaçqın və məcburi köçkünlərin vəziyyətindən danışan məruzəçi iyirmi ildən artıq qaçqın və məcburi köçkün həyatı yaşayan azərbaycanlıların məsələsinə toxunmadı. Ukraynalı qaçqın və məcburi köçkünlərə bu cür yanaşıldığı halda, azərbaycanlılara qarşı belə yanaşma mövcud deyil. Bu bir daha ölkəmizə qarşı göstərilən ikili standart münasibətdən xəbər verir. Mən Ermənistanın ölkəmizə qarşı apardığı elan olunmamış müharibə zamanı 4500-dən artıq azərbaycanlının itkin düşdüyünü, girov və əsir götürüldüyünü , onların bir çoxunun taleyinin bu günə qədər naməlum qaldığını diqqətə çatdırdım”.

Rövşən Rzayev həmçinin komitə nəzdində itkin düşmüş, əsir və girov götürülmüş insanların axtarışı ilə məşğul olan beynəlxalq təşkilatlarla əlaqə quracaq bir təsisatın yaradılması təklifini irəli sürüb. Bildirib ki, belə bir qurum itkin düşmüş, girov və əsir götürülmüş insanların taleyi barədə mütəmadi məlumatların əldə edilməsində mühüm rol oynaya bilər.

Millət vəkili onu da vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyünə təcavüz edən, ərazilərimizin 20 faizini işğal altında saxlayan Ermənistana və onun havadarlarına beynəlxalq təşkilatlar tərəfindən fərqli yanaşmalar bu gün də hiss olunmaqdadır. Bu, ölkəmizə qarşı ikili standartları qabarıq şəkildə bir daha nümayiş etdirir. Nədənsə beynəlxalq hüquq da bu məsələdə acizlik göstərir.

Azərbaycanlı deputat deyib: “İstər beynəlxalq təşkilatların, istərsə də beynəlxalq hüququn Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin araşdırılmasına seyrçi münasibət bəsləməsi və məsələni vaxtında ciddi şəkildə araşdırmaması digər bölgələrdə də münaqişələrin və təhlükəli problemlərin yaranmasına, itkin düşən, girov və əsir götürülən insanların sayının durmadan artmasına gətirib çıxarır. Bu məsələdə insanlar ikili standartların qurbanı olmamalıdır”.
 

Xəbərlər
Redaktorun seçimi