“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
29.04.2015, 11:08
2144

Avarlar

A- A+

Avarların tarixi Asiya və Avropa dövrləri olmaqla iki yerə ayrılır: Asiya dövrü III-VI əsrləri, Avropa dövrü isə VI-IX əsrləri əhatə edir. Avarların Asiya dövrü Çin mənbələrində “cuan-cuan”,  Avropa dövrü isə Bizans və Ərəb mənbələrində “Avar” kimi göstərilib. Macar və türk tarixçiləri isə avarların qədim Hun türklərinin bir boyu olduğunu və “Uar-Hun” adını daşıdıqlarını göstərirlər. Bəzi tarixi mənbələr isə Ağ hunların əslində Avar boyunun bir qolu olduğunu təsdiqləməkdədir. 

Asiya avarları, yəni cuan-cuanlar bir müddət Orta Asiyada - tarixi Türküstanda özlərinin qəbilə imperatorluğunu gerçəkləşdirib, zaman-zaman güclənərək 400-cü illərdə İrtış çayından Koreya yarımadasına qədər geniş bir ərazini əhatə ediblər. 458-ci ildə cuan-cuanlarla çinlilər arasında böyük bir savaş olmuş, məğlub olan cuan-cuanlar Asiyanın qərbinə çəkilərək öz imperatorluqlarını Göytürk Xaqanlığı dönəminə qədər davam etdiriblər. Göytürklərin onları məğlub etməsindən sonra cuan-cuanların bir qismi Çinə, böyük bir qismi isə Qərbə doğru köç edib. Etnik baxımdan avarlar hunlardan sonra Qərbə doğru türk köçünün ən böyük dalğasıdır. Onlar Altaydan keçərək ilk əvvəl Karpat dağları və Dunay bölgələrinə, daha sonra isə Macarıstana gəlib çıxana qədər uzun köç yollarında rastlaşdıqları bir çox tayfaları da öz oymaq birliklərinə qatıb, öncə bir müddət İtil çayı (indiki Volqa) sahillərində Oğuz türkləri ilə bərabər yaşayıb, onlarla qaynayıb-qarışıb, daha sonra başqa qəbilələrlə birgə “Avar” adı ilə Qafqazın quzey bölgəsinə yerləşiblər. Avar türklərinin Qafqaza gəlişi ilə onlarla Bizans İmperatorluğu arasında əlaqələr yaranıb. 

Avarlar həm köçəri, həm də döyüşkən olduqları üçün Avropaya doğru irəliləyərkən önlərinə çıxan bütün xalqlar və tayfalarla savaşıb, onları yenərək irəliləyiblər. Burada onlar Orta Asiyada olduğu kimi, yenidən toplanaraq başbuğlarına xaqan adı verərək ələ keçirdikləri torpaqlar üzərində yenidən Avar dövlətini qurublar. Bu dövlətin ilk qurucusu Bayar xaqanın səyi nəticəsində dövlət imperatorluğa çevrildi. Bayar xaqanın başçılığı ilə avarlar türk bulqarları və slavyanları məğlub edərək onların oymaqlarını özlərinə qatıb, müvəqqəti də olsa Orta Avropanın sahibinə çevriliblər. Bayar xaqanın başçılığı ilə avarlar Bulqar və Oğuz türklərini, həmçinin macarların bir qismini öz konfederasiyalarına daxil edib. Antları və digər bir çox slavyan tayfalarını da məğlub edərək Qallia ərazilərinə qədər axınlar yapıb əhəmiyyətli ticarət yollarını ələ keçirirlər. Bayar xaqan öz imperatorluğunu demək olar ki, Qərbi Hun İmperatorluğunun əlində olan ölkələr üzərində qurmağa çalışırdı. O da Hun imperatoru Atilla kimi dövlətin mərkəzini Dunay çayının sahilində qurub və gələcək Avar imperatorluğunu iki yüz əlli il yaşaya biləcək bir təməl üzərinə oturdub. 

VIII əsrin sonundan başlayaraq Avar hakimiyyəti zəifləməyə başlayır. Frank imperatoru Böyük Karl ilə savaşda bavyeralıların, İtaliyada yunanların müttəfiqi kimi vuruşan avarlar məğlub olur və Böyük Karl Avar ərazisinin qərb hissəsini işğal edir. Daha sonra iç çaxnaşmalardan dolayı daha da zəifləyən avarlar Böyük Karla tabe olur və hökmdarları bir sıra dövlət adamları ilə birgə xristianlığı qəbul edir. Lakin frankların sərt idarəçiliyinə dözə bilməyən Avar türkləri franklarla ikinci böyük savaşa başlayır və bu savaşda da məğlub olaraq Qərb Avar dövləti büsbütün ortadan qalxır. Bu məğlubiyyətdən istifadə edən Bulqar xanı Kurum güneydə də Avar hakimiyyətinə son qoyur. Bütün bunlardan yararlanan slavyanlar da Avar türklərinə qarşı baş qaldırırlar. Avarların son durumu haqqında tarixi mənbələrdə göstərilir: “Ölüm yarası almış bir ova köpəklər necə hücum edirlərsə, ikinci Hun dövləti olan (Bir çox tarixi mənbələr avarları hun kimi göstərirlər) avarlara qarşı slavyan qonşuları da eyni şəkildə hərəkət edirdilər”. 

Sağ qalan avarlar bulqarların, bizanslıların, macarların və xüsusilə slavyanların arasında assimliasiyaya uğrayaraq əriyirlər. Slavyanların sevincini əks etdirən “Avarlar kimi yox oldular” qədim deyimləri də bunu təsdiq edir. Slavyanlar xristianlığı avarlar arasında yaydıqca onları da slavyanlaşdırmış və öz içlərində əritmişlər. Ümumiyyətlə, slavyanlar xristian dinindən bir silah kimi istifadə edərək qədim hun, avar, tatar, saka və başqa türk xalqlarını slavyanlaşdırıblar. İndiki Rusiya ərazisində bu parokslara rast gəlmək olur. 

Dövlətləri çökən Avar türkləri müxtəlif yerlərə səpələnir, bir qismi Bolqar ordusunda bizanslara, bir qismi xorvatlarla birgə franklara qarşı vuruşur, daha sonra isə Dunay hövzəsinə gələn unqarlarla (macarlarla) qaynayıb-qarışırlar.

Avarlara aid arxeoloji qazıntılar nəticəsində əldə edilən bütün maddi mədəniyyət nümunələri bu xalqın həm türk, həm də Orta Asiyalı  - türküstanlı olduğunu açıqca göstərməkdədir. Həmçinin Avar dilindəki türk əsilli sözlərin çox olması, avarların şəxs və yer adlarının türkcə olması, Orxon yazılarında “Avar” sözünün qədim türkcə “Apar” şəklində işlənməsi, avarlardan qalan Bayar, Xaqan, Solak, Mərgən, Kök, Qansavçı, Apsuk, Külük, Kösənci, Alpel, Tuqay, Buğa, yuğruş, tudun, xaqan, tarxan, baqan kimi tarixi şəxs və rütbə adlarının türkcə olması, Göytürk əlifbasının (Runik yazısını) işlətmələri, Çuvaş türkcəsi ilə danışmaqları onların türklüyünü təsdiqləyən tarixi sübutlardır. Eyni zamanda tarixi sübutlara o da əlavə olunur ki, indiki avarlar yaşayan ərazilərinin tarixi türk torpaqları ilə sərhəd olması, onların bu qola şamil olunmasından xəbər verir. Əksər tədqiqatçılar bu prinsipə çeçenləri və inquşları da şamil edirlər.

Çar Rusiyasının Qafqaza ardıcıl işğalçı yürüşləri başlanandan sonra digər Qafqaz xalqları kimi avarlar da işğalçılara qarşı mübarizədə özünəməxsus qəhrəmanlıq salnaməsi yaradıb. XIX əsrin ortalarında ruslar tərəfindən varlığına son qoyulan Dağıstan sultanlığının axır iki sultanı məhz avar olub. Onlardan axırıncı sultan Şeyx Şamil (1797- 1871) bu gün də müsəlman dünyasında əvəzedilməz qəhrəman kimi yad edilir. Daim yadelli işğalçılara qarşı əlində dini dəyərləri bayraq edib döyüşən Şamil apardığı mübarizədə Rus İmperiyasına ciddi itkilər verib. Bunu Qafqaza yürüş edən rus generalları öz gündəliklərində dəfələrlə etiraf ediblər.

Bir çox tədqiqatçıların əsərlərində belə məlumat vardır ki, Şəki-Zaqatala bölgəsində mövcud olan avar kəndlərinin böyük hissəsini XVII əsrdə Dağıstandan köçüb gəlmiş avarlar təşkil edir.

Məsələ bundadır ki, Dağıstan ərazisində əkinə yararlı torpaqların azlığı, buradan avarların, saxurların tədricən Azərbaycan ərazisinə köçmələrinə səbəb olub. Başqa bir mənbədə deyilir ki, XVIII əsrdə torpaqsız Dağıstan əhalisinin Şimali Azərbaycanın Car-Balakən icmaları və İlisu sultanlığı ərazilərinə intensiv köçü başladı ki, onların çoxunu avarlar və saxurlar təşkil edirdi. (Qəmərşah Cavadov, “Azərbaycanın azsaylı xalqları və milli azlıqları”, Bakı – 2000, səh-288.)   

Tədqiqatçıların araşdırmalarına görə “avar” sözü “narahat”, “qızğın”, “davakar” olan türk sözündən yaranmışdır.  Avarlar əsasən Balakənin Qabaqzül qəsəbəsində, Katex, Gərəkli, Mahamalar kəndlərində azərbaycanlılarla birlikdə, sıx qohumluq münasibətləri şəraitində yaşayırlar. 

Əsas yol Yevlax-Balakən şose və dəmir yoludur. 80-ci illərin ikinci yarısında istifadəyə verilən dəmiryolu bu iqtisadi rayonla digər rayonlar arasında nəqliyyat-iqtisadi əlaqələrin genişlənməsinə səbəb oldu. Bakı-Zaqatala hava xətti də fəaliyyət göstərir.

Özlərini “maafulal” – yəni “dağlı” adlandıran avarlar başlıca olaraq Dağıstanda, qismən də Azərbaycanın Balakən, Qax, Zaqatala rayonlarında  kompakt halda yaşayırlar. Azərbaycan avarları isə özlərini “baqualal” adlandırırlar.

Müstəqillik əldə etdikdən sonra Azərbaycanda azsaylı xalqlara qarşı tolerant münasibət avarların da ölkə ictimai həyatında aktiv fəaliyyətinə geniş şərait yaradıb. İstər güc strukturları, istər mədəniyyət sahəsi, istər qanunvericilik orqanlarında bu xalqın nümayəndələri aktiv fəaliyyət göstərir.

Azərbaycan-avar münasibətləri sovet dövründə və müstəqillik əldə edildikdən sonrakı dövrdə qarşıdurma və toqquşmalarla pozulmayıb. Avarlarda Azərbaycan dilli və mədəniyyətinə inteqrasiya çox yüksək səviyyəyə çatıb. Bakı, Gəncə və respublikanın digər şəhərlərində yaşayan avarlar və azərbaycanlılar arasında fərq tapmaq olduqca çətindir. 90-cı illərin əvvəllərində avar millətçiliyinin bir qədər yüksəlişi müşahidə olunurdu. Ancaq avar icmasının yerli rəhbərləri iqtisadi səciyyəli və yerli icra hakimiyyətində avarların təmsilçiliyinə aid məsələlər üzrə Bakı ilə dinc, sakit danışıqlara üstünlük verdilər.

Balakən və Zaqatala rayonlarında yerləşən ümumtəhsil məktəblərinin aşağı siniflərində bir neçə ildir ki, avar dili tədris edilir. Azərbaycan parlamentində avar icması öz deputatı ilə təmsil olunur. 2001-2002-ci illərdə respublikanın şimalında millətçi-kriminal dəstələrin silahlı fitnələr törətmək və qeyri-sabit vəziyyət yaratmaq cəhdlərinin qarşısı Azərbaycan hökuməti tərəfindən qəti surətdə alındı və yerli avar əhalisindən dəstək ala bilmədi.

Əhalinin 1999-cu ildəki siyahıya alınmasına görə, onların sayı 15% artıb və 50,9 min nəfər, yaxud ölkə əhalisinin 0,6%-ni təşkil edib (Rusiyadakı sayları 814,5 min nəfərdir). Onlar əsasən Balakən və Zaqatala rayonlarında məskunlaşıblar. Burada iri və zəngin tarixə malik Car, Siliban, Masex və s. avar kəndləri yerləşir. 

Bu rayonlar ərazisində avar dilində ümumilikdə 260 sinfi olan 19 məktəb fəaliyyət göstərir və bu məktəblərdə 7 minə yaxın şagird təhsil alır.

Bu azsaylı xalq Qafqaz dil ailəsinin Dağıstan qrupuna mənsub dildə danışır. Zaqatalanın dağlıq hissəsində yaşayan avarlar avar dilinin ansux ləhcəsində danışırlar, qonşu xalqlar ilə danışdıqda isə Türk, yəni Azərbaycan dilindən istifadə edirlər.   

Avarların hamısı İslam dininə mənsubdur. Avar xalqı İslam dininə mənsub olduğuna görə dini bayramlara xüsusi diqqət yetirilir. Kənd əhli bir qayda olaraq namaz vaxtı məsciddə toplaşar, camaat namazı qılınar. Belə məscidlərdən biri də Zaqatala rayonunun Car kəndində yerləşir. 200 il yaşı olan məscid bu günədək fəaliyyət göstərir. 

Dağıstanda əsasən qoyunçuluqla məşğul olan avarlar Azərbaycanda isə əkinçilik, bağçılıq kimi daha mütərəqqi təsərrüfat sahələri yaratmağa nail oldular. Daha sonrakı dövrlərdə Azərbaycan avarlarının məişətinə ipəkçilik, tütünçülük, bostançılıq, arıçılıq təsərrüfat sahələri də daxil oldu.

Avarların məşğuliyyət formaları arasında keçəçilik, dəmirçilik, qalayçılıq, kürkçülük, xalçaçılıq, sənət sahələri də geniş inkişaf etmişdir. Bu sənət sahəsində çalışanlar öz ailəsinin, kəndinin, tələbatını ödəməklə yanaşı, istehsal etdiyi, hazırladığı əşyaları həm də satışa çıxarır. 

Avar ustalarının hazırladığı qızıl və gümüş bəzək əşyaları bütün Azərbaycanda, Dağıstanda və Qafqazda məşhurdur. Qadın və kişi kəmərləri, qadınlar üçün baş bəzəklərinin hər biri sözün əsl mənasında bir sənət əsəri sayılırdı. Avar qadınlarının toy-düyünlərdə başlarına geydikləri və əsasən qızıl və gümüşdən hazırlanan belə sənət nümunələri müasir dövrdə Zaqatala diyarşünaslıq muzeyinin fondlarında saxlanmaqdadır.

Müasir dövrdə avarların istər yaşayış evləri, istərsə də geyimləri azərbaycanlılarla tam eyniyyət təşkil edir. Ənənəvi yaşayış evləri və geyimlərinə demək olar ki, müasir dövrdə heç yerdə təsadüf edilmir.

Qohumluq münasibətləri avarlar arasında “tsoruksalul qadamal” – yəni bir evin adamları, toxum və “ksibil” – yəni bir kökdən olanlar istilaları ilə məlum olmuşdur. Bəzən bir “qadamal”da 60-70 nəfər qohum birləşirdi. Bir neçə toxum və “qadamalı”ın birləşməsindən isə “ksibil” təşkil olunurdu. 

Hazırda isə Zaqatala bölgəsində yaşayan avarların bağçılıq təsərrüfatında coğrafi mühitdən asılı olaraq əsasən şabalıd, fındıq, qoz, xurma, əzgil kimi meyvələrin yetişdirilməsi geniş yayılıb. 

Ölkəmizdə milli azlıqlar öz milli mədəni mərkəzlərini, assosiasiyalarını və digər qurumlarını yaratmaq hüquqlarından tam istifadə edirlər. Avarlar da həmçinin.

Avar xalqı tarixən zəngin mədəniyyətə malik olub. Onların folklorunda Qafqaz xalqlarının mədəni irsi özünü əks etdirir. Milli avar rəqsləri və musiqiləri xalq yaradıcılığının ayrılmaz hissəsidir.  

Mənbə: multikultural.az

⇔ ⇔ ⇔ 

 

Mövzuya dair (***):

Avarlar Şəki-Zaqatala bölgəsində Azərbaycan türkləri ilə birgə yaşayan etnosdur. Avar etnosunun əsas hissəsi Dağıstan ərazisində yaşayır.

Azərbaycanda yaşayan avarlar Şimali Qafqaz dil ailəsinin Nax-Dağıstan dilləri qrupuna daxil olan avar dilinin ansux dialektində danışırlar. Bununla belə, avarlar Azərbaycan dilindən də geniş istifadə edirlər. Avarların kompakt yaşadığı yaşayış məntəqələri məktəblərinin ibtidai siniflərində avar dili tədris olunur. Dini etiqada görə, avarlar İslam dininin sünni məzhəbinin təmsilçiləridir. Zaqatala rayonu Mazıx kəndində Cümə məscidi fəaliyyət göstərir. Məscid 1881-ci ildə kənd sakinləri tərəfindən tikilib, sovet dövründə ambar kimi istifadə olunub, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dövlət tərəfindən təmir edilərək, tarixi statusu özünə qaytarılıb.

Avarların ənənəvi dünyagörüşündə müxtəlif qədim dini etiqadların qalıqları da müşahidə olunur. Onlar qədimdəm təbiət hadisələrinə, göy cisimlərinə sitayiş edər, yağışın yağması, Günəşin çıxması üçün mərasimlər keçirərdilər.

Özlərini "maarulal", yəni "dağlı" adlandıran avarları, Qafqaz Rusiyanın nəzarətində olduğu dövrlərdə uzun müddət "ləzgi" kimi təqdim ediblər.

Avarlar Azərbaycan ərazisinə Dağıstandan köçüb. Tarixi mənbələrə görə, onların köçü birdəfəlik, kütləvi xarakter daşımayıb, proses zaman-zaman gerçəkləşib.  Dağıstan ərazisində əkinə yararlı torpaqların azlığı, qədim zamanlardan avarların əsas təsərrüfat məşğuliyyətinin qoyunçuluq olması, yeni otlaqların axtarışı və bununla əlaqədar səyyar həyat tərzi onların tədricən Qafqaz sıra dağlarının şərq ətəklərinə köçməsini şərtləndirib. Çox guman ki, bu köçlər kiçik qruplar şəklində baş verib.

Rəvayətə görə, bu bölgədə avarların ilk məskunlaşdığı yer "Qoloda" adlanırdı. Bu məskən Kelan dağında, köç yerində yerləşirmiş. Burada qəbiristanlıq və bəzi tikililərin bünövrələri indiyədək qalmaqdadır. Həmin bölgədə avarlar uzun dövr məhz "qolodolal", yəni Qoloda sakinləri adı ilə tanınırdılar.

Yuxarıda qeyd olunduğu kimi, avarlar həmişə maldarlıq və əkinçiliklə məşğul olublar. Məskunlaşdıqları ərazilərdə qədim əkinçilik ənənəsinin təşəkkül tapdığını terras sistemlərin, xüsusi dağ əkin alətlərinin, bu fəaliyyət sahəsində ənənəvi vərdişlərin, adətlərin mövcudluğu sübut edir. Yüksək əkinçilik mədəniyyəti ilə yanaşı, avarların təsərrüfatında dağ qoyunçuluğu da aparıcı yer tuturdu. Bu təsərrüfat növünün inkişafına dağlıq yerlərin əlverişli təbii şəraiti xüsusi imkan yaradırdı.

Azərbaycanda yaşayan avarların məişətində ipəkçilik, tütünçülük, bostançılıq, arıçılıq sənətləri də xüsusi əhəmiyyət daşıyır. Etnoqrafik araşdırmalar göstərir ki, avarların təsərrüfat həyatı Azərbaycan türklərindən çox fərqlənmir. Hər iki xalq əkinçilik mədəniyyətində, onun ayrı-ayrı sahələrində eyni üsullardan istifadə edirdilər. Müxtəlif etnoslara aid olmalarına baxmayaraq, əhali vahid təsərrüfat sistemindən yararlanırdı.

Avar kəndləri üçün qədim zamanlardan kənd icması, habelə kiçik ailələr səciyyəvi idi. Kənd icmasına bir neçə qohum ailələrin nümayəndələri daxil olardı. Qohumluq münasibətərini göstərmək üçün "tcoruksalul qadamal" - bir evin adamları ifadəsini işlədərdilər. Bununla yanaşı, toxum, "ksibil" - bir kökdən olanlar təqdimatı da avarlar arasında tez-tez səslənərdi. Bəzən bir "qadamal"da 60-70 nəfər qohum birləşirdi. Bir neçə toxumun və "qadamal"ın birləşməsindən "ksibil" təşkil olunurdu.

Azərbaycanda yaşayan avarlar qədim zamanlardan müxtəlif sənətkarlıq nümunələri yaratmaqla da ad qazanıblar. Avar ustalarının hazırladığı gümüş və qızıl bəzək əşyaları Azərbaycanda,  Dağıstanda və ümumiyyətlə Qafqazda məhşur idi. Qadın və kişi kəmərləri, qadınlar üçün baş bəzəklərinin hər biri sözün əsl mənasında bir sənət əsəri sayılır. Avar qadınlarının bəzək əşyaları arasında sırğa (qilqol), üzük (bargiç), kəmər (kamar) və yaxud qızıl kəmər (macı kamar), sinəbənd (gaziyaxa) diqqəti xüsusilə cəlb edir. Avar qadınlarının toylarda, bayramlarda başlarına geydikləri və əsasən qızıl və gümüşdən hazırlanan belə sənət nümunələri bu gün Zaqatala rayon Tarix-Diyarşünaslıq Muzeyində qorunur. Avarların məşğuliyyət sferasına aid keçəçilik, dəmirçilik, qalayçılıq, kürkçülük, xalçaçılıq sahələri də geniş inkişaf edib.

Avarların yaşadıqları təbii-coğrafi şərait, sərt iqlim onların həyatının bütün sahələri kimi, yeməklərinə də təsir göstərib. Daha çox heyvandarlıqla məşğul olduqlarına görə onların yemək rasionunda heyvan mənşəli qidalar üstünlük təşkil edir. Ən sevimli yeməkləri xəmir xörəkləridir. Bu sırada xəngəl (xinqal) öndə gəlir. Avarların bişirdiyi xəngəlin bir neçə növü var: "hanal xinqal" (ət xəngəli), "micul xinqal" (gicitkən xəngəli), "qibxil xinqal" (balqabaq xəngəli) və s. Müxtəlif qutab ("qotsi") növləri də avarların sevimli xörəkləri sırasındadır. Avarların ənənəvi yeməklərindən biri də sacda bişirilən "maxaradır".

Azərbaycanda yaşayan avarların mədəniyyəti nəsillərdən nəsillərə ötürülməklə zənginləşərək müasir dövrə gəlib çıxıb. Avarların şifahi xalq yaradıcılığına nağıllar, ağılar, bayatılar daxildir. Nağıl və əfsanələrin başlıca mövzularını qəhrəmanlıq, el-obaya məhəbbət, düşmənlərə qarşı mübarizə təşkil edir. Şeyx Şamilin apardığı mübarizə ilə bağlı rəvayətlər, qəhrəmanlıq nəğmələri, zərbi-məsəllər avar əhalisi arasında geniş yayılıb. Bu xalqın damburla oxuduğu "haylalar" onların mədəni irsinə  daxil olub.

Avarlar qədim zamanlardan gələn inanclarını, adət-ənənələrini bu gün də qoruyub saxlayırlar. Qədim etiqadlara əsaslanan məhsul bayramları, təbiət hadisələrinə sitayiş, mərasimlər onların müasir mənəvi mədəniyyətinin mühüm hissəsidir. Məsələn, baharın gəlişi ilə əlaqədar, mart ayında "otsbay" (öküz bayramı) keçirirlər. Bayram tarla işlərinin başlanmasına həsr olunur. Bu mərasimdə müxtəlif qədim idman yarışları nümayiş etdirilir.

Ənənəvi avar toyu müxtəlif mərhələlərdən ibarət olub. Toyun ilk günü oğlan evində deyil, "qsudul" adlandırılan ən yaxın dostunun evində başlanar, ikinci gün bəyin yaşadığı ünvanda davam edərdi. Adətə görə, toya kəndin bütün əhalisi dəvət olunardı. Toyun oğlan evində başladığı ikinci gün duvaqlı gəlin rəfiqələrinin əhatəsində mərasimə təşrif buyurardı. Mərasim bitənə qədər bəyin ümumi camaata qarışması yolverilməzdir, o, bu xoş günü yoldaşlarından birinin evində qeyd edərdi. Avarlarda bəyin oğurlanması, əvəzində atasından hədiyyə alınaraq geri qaytarılması adəti də mövcud olub.

Tarix boyu Azərbaycan avarları yaşayan bölgədə müxtəlif etnik qruplar arasında dərin inteqrasiya prosesləri səciyyəvi xarakter daşıyıb. Bunu şərtləndirən amil onların eyni növ təsərrüfat fəaliyyəti ilə məşğul olmaları və vahid dini baxışlarıdır.

 

*** AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu nəzdindəki Antropologiya Mərkəzi tərəfindən Jurnalist Ekspert Mərkəzi İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirdiyi "Azərbaycanda yaşayan xalqları yaxından tanıyaq" layihəsi çərçivəsində hazırlanıb.

 

 

Xəbərlər
Redaktorun seçimi