“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
22.06.2013, 00:16
1893

22 iyun

A- A+

22 iyun 1897 - Görkəmli müğənni, Azərbaycan professional vokal məktəbinin banisi, SSRİ Xalq artisti Bülbül Şuşada anadan olub...

Azərbaycan

 

22 iyun 1802 – Məşhur şərqşünas alim, maarifçi Mirzə Kazımbəy (Mirzə Məhəmməd Əli Hacı Qasım oğlu; 1802-1870) anadan olub. Peterburq Universitetini bitirib, 1839-cu ildə «Türk-tatar dilinin qrammatikası» dərsliyini çap etdirib. 1853-cü ildə Peterburq Universitetində Şərqşünaslıq fakültəsi açılıb və Mirzə Kazımbəy onun ilk dekanı təyin edilib. Rusiya Elmlər Akademiyasının ilk azərbaycanlı üzvü olub.

 

22 iyun 1897 - Görkəmli müğənni, Azərbaycan professional vokal məktəbinin banisi, SSRİ Xalq artisti Bülbül (Murtuza Məşədi Rza oğlu Məmmədov; 1897 - 26.9.1961) Şuşada anadan olub. Əsrarəngiz səsinə görə kiçik yaşlarından ona “Bülbül” adı verilib. Xalq mahnılarının, romansların (“Sənsiz", "Sevgili canan", Ü.Hacıbəyli, “Ölkəm”, A.Zeynallı və s.), operalarda baş partiyaların (“Koroğlu”da Koroğlu, "Əsli və Kərəm"də Kərəm və s.) unudulmaz ifaçısı olub. 1931-ci ildə Milan Konservatoriyasını bitirib. Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib, 1940-cı ildən konservatoriyanın professoru olub.

 

22 iyun 1924 – Tanınmış yazıçı Cəlal Bərgüşad (Cəlal Nоvruz oğlu Cavadоv; 1924 - 9.7.1996) Qubadlı rayonunun Qəzyan kəndində doğulub. Xalq qəhrəmanı Babəkdən bəhs edən “Sıyrılmış qılınc”, Qaçaq Nəbi haqqında “Bozatın belində” tarixi romanların, “Şərq çiçəyi” və s. əsərlərin müəllifidir.

 

22 iyun 1942 – Musiqiçi, bəstəkar, şair Bəhram Paşa oğlu Nəsibov (1942-1998) Füzuli rayonunun Aşağı Rəfədinli kəndində anadan olub. "Sən də həmdəm, mən də həmdəm", "Var gülüşündə", "Deyin, hardadır", "Səni qəmli görəndə", "Gecələr", "Ay gecikən məhəbbətim" və s. populyar mahnıların müəllifidir.

 

22 iyun 1947 – Şair Eldar Baxış (1947 - 22.5.1996) Qubadlı rayonunun Diləli Müskanlı kəndində anadan olub. Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətində çalışıb. "Uzun Həsən", "Məlikməhəmməd" pyeslərinin müəllifidir. Rus ədəbiyyatından tərcümələr edib.

 

22 iyun 1996 – Prezident Heydər Əliyev "Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında" fərman imzalayıb. Fərmana əsasən, Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı” təsis edilib. Adları “Qızıl kitab”a yazılan gənc istedadlara xüsusi Prezident təqaüdü verilir.

 

Dünya

 

22 iyun 1767 – Alman filosofu, məşhur dilçi alim, ədəbiyyatşünas Vilhelm Humboldt (Friedrich Wilhelm von Humboldt; 1767-1835) anadan olub. Berlin Universitetinin yaradıcısıdır.

 

22 iyun 1887 - İngilis filosofu Culian Haksli (Julian Sorell Huxley, 1887-1975) anadan olub. Təkamülün sintetik nəzəriyyəsinin müəllifidir, UNESCO-nun ilk baş direktoru olub.

 

22 iyun 1898 - Alman yazıçısı Erix Mariya Remark (Erich Maria Remarque - Erich Paul Remark; 1898-1970) anadan olub. Əsərləri: “Qərb cəbhəsində dəyişiklik yoxdur”, “Üç yoldaş”, “Zəfər tağı”, “Yaşamaq və ölmək zamanıdır” və s. romanlar.

 

22 iyun 1906 - Amerika kinorejissoru, 4 dəfə «Oskar» mükafatının laureatı Billi Uaylder (Billy Wilder, 1906-2002) anadan olub. Filmləri: “Cazda ancaq qızlardır”, “Sabrina”, “Mənzil” və s.

 

22 iyun 1947 - Tanınmış rus kinoaktrisası Natalya Varley anadan olub. “Qafqaz əsiri” filmində Nina rolu ilə məşhurlaşıb. “Qaçış”, “12 stul” və s. filmlərdə çəkilib.

 

22 iyun 1949 – Məşhur Amerika aktrisası Meril Strip (Mary Louise "Meryl" Streep) anadan olub. “Kramer Kramerə qarşı” (Coanna Kramer), “Sofiyanın seçimi” (Sofiya Zavistovskaya) rollarına görə “Oskar” mükafatına layiq görülüb.

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi