Azərbaycan tarixi günbəgün: 5 yanvar
5 yanvar 1991 - Bakının Dağüstü mədəniyyət və istirahət parkında (indiki "Şəhidlər Xiyabanı"nın ərazisi) 20-ci illərdə Azərbaycana rəhbərlik etmiş S.M. Kirovun nəhəng heykəli sökülüb.
5 yanvar 1819 – Naxçıvan xanın nəslindən olan sərkərdə, Rusiya ordusunun süvari generalı İsmayıl xan Ehsan xan oğlu Naxçıvanski, 1819 – 1908) anadan olub.
5 yanvar 1884 – Opera müğənnisi, teatr xadimi Əhməd Bəşir oğlu Bədəlbəyli (Ağdamski, 1884 – 1.4.1954) Şuşada doğulub. Ü.Hacibəylinin xalası oğlu olub. Azərbaycan teatrında azərbaycanlı aktrisaların olmadığı vaxtlarda bir çox tamaşalarda (o cümlədən "Leyli və Məcnun"da Leyli rolunu) qadın rollarını oynayıb. 1934-cü ildən pedaqoji fəaliyyətlə məşğul olub, Ağdaş musiqi məktəbində tardan dərs verib.
5 yanvar 1927 – Yazıçı, şair, tərcüməçi Vidadi Yusif oğlu Babanlı Qazax rayonunun Şıxlı (indiki Muğanlı) kəndində doğulub. “Vicdan susanda” romanının, “Həyat bizi sınayır” povestinin (və eyniadlı filmin ssenarisinin) müəllifidir.
5 yanvar 1930 - Sovet İttifaqında kollektivləşmə və kolxoz quruculuğuna yardım haqqında qərar qəbul edilib. Kolxoz quruculuğu SSRİ-də, o cümlədən Azərbaycanda dəhşətli repressiyalarla, 1 milyona yaxın adamın qolçomaq adı ilə damğalanaraq sürgün edilməsi ilə müşayiət olundu. Kütləvi kolxozlaşmanın nəticəsi olaraq 1931-1933-cü illərdə SSRİ-ni dəhşətli aclıq bürüdü, milyonlarla insan öldü.
5 yanvar 1991 - Bakının Dağüstü mədəniyyət və istirahət parkında (indiki "Şəhidlər Xiyabanı"nın ərazisi) 20-ci illərdə Azərbaycana rəhbərlik etmiş S.M. Kirovun nəhəng heykəli sökülüb. Yarım əsrə yaxın Bakının ən uca zirvəsində "qərar tutan" abidə Azərbaycanda sosializmin təntənəsinin təcəssümü idi. Heykəlin götürülməsi ilə bağlı rəsmi məlumatda əsas kimi "texniki səbəb" - ərazinin sürüşmə zonasında olması göstərilirdi. Gerçəkdə isə bu, Azərbaycanın sovet sistemi və onun simvolları ilə vidalaşmasına işarə idi.
5 yanvar 1992 - Azərbaycan Respublikasının Müdafiə Şurası ləğv edilib. Hakimiyyət və muxalifət rəhbərlərinin iştirakı ilə ölkədə guya ordu quruculuğuna kömək məqsədilə yaradılan (sentyabr 1991) Müdafiə Şurası əslində siyasi mübarizə və intriqa mərkəzinə çevrilmişdi.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: