Azərbaycan tarixi günbəgün: 22 yanvar
22 yanvar 1990 – Bakıda Qanlı Yanvar təcavüzünün qurbanları dəfn edilib...
22 yanvar 1892 – Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, tanınmış boyakar və qrafik Bəhruz Kəngərli (1892-1922) Naxçıvanda anadan olmuşdur. Rəssam 1922-ci il fevralın 7-də Naxçıvanda vəfat edib.
22 yanvar 1908 – Məşhur fizik, Nobel mükafatı laureatı Lev Davıdoviç Landau (1908-1968) Bakıda anadan olub. Landau 1962-ci ildə fizika üzrə Nobel mükafatına layiq görülüb. Elə həmin il ağır avtomobil qəzasına düşüb və səhhətinin pisləşməsi üzündən bir daha elmi yaradıcılığa qayıda bilməyib. 1968-ci il aprelin 1-də Moskvada vəfat edib.
22 yanvar 1910 – Iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanov Lənkəranda anadan olub. 1942-ci ilin dekabrında Stalinqrad döyüşlərində göstərdiyi igidliyə görə 55-ci tank briqadasının komandiri polkovnik H.Aslanova Sovet İttifaqı Qəhrəmanı adı verilib. 1944-cü ildə general-mayor olan H.Aslanov Belorussiya cəbhəsindəki şücaətinə görə ikinci dəfə bu yüksək ada təqdim edilsə də, SSRİ hərbi rəhbərliyində təmsil olunan erməni generalı İ.Baqramyanın maneçiliyi üzündən onu ala bilməmişdi. 1991-ci ildə SSRİ Ali Sovet Rəyasət Heyətinin fərmanı ilə H.Aslanova ölümündən sonra ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilib.
22 yanvar 1944 – Tanınmış teatr və kino aktyoru, Azərbaycanın Xalq artisti Hacı İsmayılov anadan olub.
22 yanvar 1990 – Bakıda “Qanlı Yanvar” təcavüzünün qurbanları dəfn edilib. 20 Yanvar şəhidləri Bakıda o vaxt sovet dövlət xadimi Sergey Mironoviç Kirovun adını daşıyan Dağüstü mədəniyyət və istirahət parkında torpağa tapşırılıb. Həmin vaxtdan park “Şəhidlər Xiyabanı” adlanmağa başlandı.
22 yanvar 1990 – Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyası keçirilib. Respublikanın əksər rəhbər şəxslərinin (Azərbaycan KP MR katibi Həsən Həsənov istisna olmaqla) iştirak etmədiyi iclasda 20 Yanvar hadisələri ilə bağlı dünya xalqlarına və parlamentlərinə müraciət qəbul edilib. Sessiyanın qəbul etdiyi qərarda Azərbaycanın SSRİ-də qalıb-qalmaması məsələsinin ümumxalq referendumuna çıxarılması barədə maddə də vardı. Lakin çox kecmədi ki, Azərbaycanın yeni rəhbərliyi (Ayaz Mütəllibov) həmin maddəni unutdu.
22 yanvar 1992 – Filippin Azərbaycanın Respublikasının dövlət müstəqilliyini tanıyıb. İki ölkə arasında diplomatik əlaqələr həmin il martın 27-də qurulub.
22 yanvar 1993 – Naxçıvanda Türkiyə Cümhuriyyətinin baş konsulluğu açılıb. Bu, muxtar respublikada fəaliyyətə başlayan ilk xarici ölkə diplomatik nümayəndəliyi idi.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: