Azərbaycan tarixi günbəgün: 3 aprel
3 aprel 2001 - ABŞ Dövlət Departamenti Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini rəsmən bəyan edib.
3 aprel 628 - Şimali Azərbaycan torpaqları (Albaniya) uğrunda uzun müharibə aparan Sasani və Bizans imperatorluqları arasında sülh bağlanıb. Sülhün şərtlərinə görə, Albaniya yenidən Sasanilərin hakimiyyəti altına qayıdıb. III əsrin əvvəlində yaranan Sasani (fars) dövləti əvvəlcə Cənubi Azərbaycanı - Atropatenanı, sonra isə Albaniyanı özünə tabe etdirmişdi. Sasanilərlə Bizansın Azərbaycan torpaqları uğrunda mübarizəsi həm də burada atəşpərəstliklə xristianlığı yaymaq uğrunda mübarizə idi.
3 aprel 1908 - Tanınmış alim, Azərbaycanın ilk akademik-filosofu Heydər Hüseynov (1908-1950) anadan olub. Azərbaycan fəlsəfi və ədəbi fikir tarixinə həsr olunmuş əsərləri iki dəfə Stalin mükafatına (1949-1950) layiq görülsə də, əleyhdarları onu millətçilikdə ittiham edərək əleyhinə kampaniya başladıblar. 1950-ci ilin yayında intihar edib.
3 aprel 2001 - ABŞ-ın Florida ştatının Ki Vest şəhərində Azərbaycan-Ermənistan danışıqları öncəsi Dövlət Departamenti Dağlıq Qarabağ münaqişəsinin tarixi ilə bağlı rəsmi bəyanat yayıb. Sənəddə ilk dəfə olaraq Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı qeyd olunurdu. Ki Vest sammiti ABŞ dövlət katibi Kolin Pauellin təşəbbüsü ilə keçirilirdi.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: