“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
20.04.2013, 13:09
1490

Azərbaycan tarixi günbəgün: 20 aprel

A- A+

20 aprel 1827 - İranla müharibə (1826-1828) gedişində Azərbaycanın cənubuna doğru irəliləyən rus qoşunları Araz çayı üzərindəki Xudəfərin körpüsünü (Cəbrayıl rayonu ərazisində) tutublar.

Strateji əhəmiyyətli körpünün ələ keçirilməsi rus qoşunlarının cənubdan Naxçıvan xanlığına hücumlarına imkan yaratdı. May ayında Naxçıvan işğal olundu.

 

20 aprel 1885 - Tanınmış pediatr, Azərbaycan səhiyyə sistemində mühüm xidmətləri olmuş professor Əbülfəz Qarayev (1885-1952) anadan olub.

 

20 aprel 1894 - Xalq artisti, aktyor və rejissor Rza Abbasqulu oğlu Təhmasib (1894-1980) anadan olub. ”Bakıda küləklər əsir”, “Qanun naminə” və s. filmlərdə çəkilib, "Səbuhi", "Arşın mal alan" (1945), "Onu bağışlamaq olarmı?" filmlərinə quruluş verib.

 

20 aprel 1906 - Əməkdar incəsənət xadimi, ilk azərbaycanlı musiqişünas qadın Xurşid Həsən bəy qızı Ağayeva (1906 - 3.12.1953) anadan olub. Dövlət Konservatoriyasında musiqi tarixindən dərs deyib.

 

20 aprel 1907 - Xalq şairi Məmməd Rahim (Məmməd Abbas oğlu Hüseynov;  1907 - 6.5.1977) anadan olub. "Leninqrad göylərində", "Abşeron torpağında" poemalarının,  "Azərbaycan kantatası" şeirlər toplusunun müəllifidir. Rus şairlərinin əsərlərini dilimizə tərcümə edib.

 

20 aprel  1916 - Xalq artisti, milli teatr sənətimizin görkəmli nümayəndəsi Nəsibə Cahangir qızı Zeynalova (1916 - 10.03.2004) anadan olub.

 

20 aprel  1920 - Yazıçı-dramaturq, uşaqlar üçün çoxsaylı əsərlər müəllifi Xanımana Sabir qızı Əlibəyli (1920 - 2007) anadan olub.

 

20 aprel  1926 - Tanınmış tarzən Əlikram Həsən oğlu Hüseynov (1926- 2006) anadan olub.

 

20 aprel  1929 - Yazıçı, filologiya elmləri doktoru, professor Çingiz Hüseyn oğlu Hüseynov anadan olub. “Fətəli fəthi”, “Məhəmməd, Mamed, Məmiş” və s. məşhur romanların müəllifidir.

 

20 aprel  1944 - Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndəsi Cabbar Qaryağdıoğlu (31.3.1861 - 1944) vəfat edib.

 

20 aprel  1991 - Ali Sovetin deputatları, tanınmış alimlər Aydın Məmmədov və Dilarə Əliyeva seçicilərlə görüşdən qayıdarkən Qax rayonu ərazisində avtomobil qəzasında həlak olublar. Hər iki deputat parlamentdə “Demokratik Azərbaycan” blokunun aktiv üzvləri idilər.

 

20 aprel  1992 - Azərbaycanla Estoniya arasında diplomatik əlaqələr yaradılıb.

 

20 aprel  1997 - Prezident Heydər Əliyev “Kitabi Dədə Qorqud”un 1300 illiyinin geniş şəkildə qeyd olunması haqqında fərman imzalayıb. “Kitabi Dədə Qorqud”un yubileyi 2000-ci ilin aprelində UNESCO səviyyəsində qeyd olundu.

 

20 aprel 2004 - Azərbaycanla Paraqvay arasında diplomatik münasibətlər qurulub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

Xəbərlər
Redaktorun seçimi