Azərbaycan tarixi günbəgün: 30 aprel
30 aprel 1993 - BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər rayonunu işğal etməsi ilə bağlı 822 saylı qətnamə qəbul edib.
30 aprel 1918 - Şaumyanın başçılıq etdiyi Bakı Kommunası şəhərdə bütün legitim dövlət qurumlarını, o cümlədən Bakı Şəhər Dumasını deviriblər.
30 aprel 1937 - Opera və Balet Teatrında Üzeyir Hacıbəyovun şah əsəri olan «Koroğlu» operasının (librettonun müəllifləri Q.İsmayılov və M.S Ordubadi) ilk tamaşası keçirilib.
30 aprel 1991 - Dağlıq Qarabağda və ətraf rayonlarda qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi ilə bağlı əməliyyat başlanıb. SSRİ Daxili Qoşunlarının iştirakı ilə keçirilən əməliyyatın məqsədi Azərbaycanı SSRİ-nin tərkibində saxlamaq, ittifaq referendumunu (17 mart 1991) boykot etmiş Ermənistana isə gözdağı vermək idi. Əməliyyat nəticəsində Xanlar (Göygöl) rayonunun Çaykənd qəsəbəsi, Hadrut (Xocavənd) rayonunun kəndləri erməni silahlı qüvvələrindən təmizlənib. Lakin Moskvanın Azərbaycana “üzgörənliyi” çox çəkmədi və 1991-ci ilin payızında Dağlıq Qarabağda azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə başlandı.
30 aprel 1993 - BMT Təhlükəsizlik Şurası (TŞ) Azərbaycanla Ermənistan arasında münasibətlərə dair 822 saylı qətnamə qəbul edib. Qətnamə bir qədər əvvəl (6 aprel 1993) qəbul olunmuş "Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlərin pisləşməsi barədə" TŞ sədrinin bəyanatına əsaslanmışdı. Sənəddə Kəlbəcərin "yerli erməni qüvvələri" tərəfindən işğal edildiyi vurğulanırdı. BMT TŞ-nin Dağlıq Qarabağ münaqişəsinə dair sonrakı qətnamələri (853, 874, 884) də bu sənədin fəlsəfəsinə köklənib və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüz faktını diqqətdən kənarda qoyur.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: