Azərbaycan tarixi günbəgün: 22 aprel
22 aprel 1918 - Zaqafaziya Seyminin azərbaycanlı, erməni və gürcü deputatları paytaxtı Tiflis olmaqla Zaqafqaziya Demokratik Federativ Respublikasının yarandığını elan ediblər.
22 aprel 1831 - Talış (Lənkəran) xanlığı ərazisində çar Rusiyası müstəmləkəçiliyi əleyhinə üsyan məğlub olub. Üsyan mart ayında keçmiş Talış xanı (xanlıq 1826-cı ildə ləğv olunmuşdu) Mir Həsən xanın rəhbərliyi ilə başlanmışdı.
22 aprel 1905 - Azərbaycanın mətbuat və ictimai-siyasi tarixində mühüm rol oynamış «Həyat» qəzeti nəşrə başlayıb. Qəzetin naşiri tanınmış vəkil və publisist, sonradan Xalq Cümhuriyyəti parlamentinin sədri olan Əlimərdan bəy Topçubaşov, redaktorları Cümhuriyyət qurucularından olan yazıçı-jurnalist Əhməd bəy Ağaoğlu (Ağayev) və böyük türkçü mütəfəkkir Əlibəy Hüseynzadə idi.
22 aprel 1911 - Görkəmli fırça ustası, Xalq rəssamı Hüseyn Əlirza oğlu Əliyev (1911 - 25.5.1991) Qərbi Azərbaycanda, indiki Ermənistanın Sisyan rayonunun Comərdli kəndində anadan olub.
22 aprel 1918 - Zaqafaziya Seyminin azərbaycanlı, erməni və gürcü deputatları paytaxtı Tiflis olmaqla Zaqafqaziya Demokratik Federativ Respublikasının yarandığını elan ediblər. Seymdə azərbaycanlı (44 nəfər) deputatların fraksiyasına M.Rəsulzadə rəhbərlik edirdi. Gürcü A.Çxengelinin başşılıq etdiyi hökumətə Azərbaycandan F.Xoyski, K.Məlik-Aslanov, N.Usubbəyov, M.H.Hacinski və M.Heydərov daxil idilər. Federasiya bir ay sonra dağıldı. Mayın 26-da Gürcüstan, 28-də isə Azərbaycan və Ermənistan müstəqilliyini elan etdi.
22 aprel 1920 – Azərbaycan Xalq Cümhuriyyətinin sayca altıncı hökumət kabinetinin təşkili iflasa uğrayıb. Parlamentdəki fraksiyalar arasında ciddi fikir ayrılığı səbəbindən Məmmədhəsən Hacinski (“Müsavat”) yeni kabinetə rəhbərlik etməkdən imtina edib və bolşeviklərin sırasına (Azərbaycan K(b)P) keçib.
22 aprel 1942 - Görkəmli aktyor, bədii qiraət ustası, rejissor Həsən Əbluç (1942 – 13.3.1994) Təbrizdə anadan olub. Uşaq yaşlarında ailəsi ilə birlikdə Bakıya köçüb. Teatr, televiziya tamaşalarında, kinoda maraqlı obrazlar yaradıb.
22 aprel 1996 - Prezident Heydər Əliyevin Brüsselə səfəri gedişində Azərbaycan Respublikası ilə Avropa Birliyi arasında tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalanıb. Sənəd onu imzalamış bütün dövlətlər tərəfindən ratifikasiya edildikdən sonra 1 iyul 1999-cu il tarixində qüvvəyə minmişdir. Saziş Azərbaycanda iqtisadi inkişaf, bazar iqtisadiyyatına keçidin dəstəklənməsi, demokratiyanın möhkəmlənməsi, sosial, elmi, texniki və mədəni əməkdaşlıq sahəsində AB-nin dəstək və yardımını əhatə edir. 2004-cü ilin mayında prezident İlham Əliyevin Brüsselə səfəri zamanı AB-yə yeni üzvlərin qoşulması ilə əlaqədar olaraq Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinə Əlavə Protokol imzalanmışdır.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: