Azərbaycan tarixi günbəgün: 6 oktyabr
6 oktyabr 1923 – Azərbaycan SSR-in Mərkəzi İcraiyyə Komitəsi Dağlıq Qarabağ Muxtar Vilayəti erməni əhalisinin müraciətini nəzərə alaraq vilayətin mərkəzi Xankəndi qəsəbəsinin Stepanakert adlandırılması barədə qərar qəbul edib...
6 oktyabr 1923 – Azərbaycan SSR-in Mərkəzi İcraiyyə Komitəsi Dağlıq Qarabağ Muxtar Vilayətinin erməni əhalisinin müraciətini nəzərə alaraq vilayətin mərkəzi olan Xankəndi qəsəbəsinin adının dəyişdirilərək Stepanakert (Bakı komissarı, daşnak-bolşevik Stepan Şaumyanın xatirəsinə) adlandırılması barədə qərar qəbul edib. XVIII əsrin ortalarında Qarabağ xanları tərəfindən əsası qoyulan Xankəndi bölgənin çar Rusiyası tərəfindən işğalından sonra da öz tarixi adını saxlamışdı və Şuşa qəzasının tərkibinə daxil idi.
1923-cü il iyulun 7-də Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdı. Bundan cəmisi üç ay sonra Xankəndinin adının dəyişdirilməsi əslində bölgənin erməniləşdirilməsinin başlanğıcı idi.
6 oktyabr 1998 – Bakıda Azərbaycan Milli Bankının yeni binası istifadəyə verilib. Bu, Azərbaycan müstəqillik əldə edəndən sonra paytaxtda yeni arxitektura üslubunda inşa edilən ən böyük dövlət idarəsi binası idi.
6 oktyabr 2006 – Azərbaycanda bir sıra bələdiyyələrə əlavə və yeni seçkilər keçirilib. 2004-cü il 17 dekabr bələdiyyə seçkilərindən sonra ölkədə yeni bələdiyyələrin (yaşayış məntəqələrinin) yaranması, yerlərdə ərazi-inzibati bölgüsündə aparılan dəyişikliklər və s. əlavə seçkiləri zəruri etmişdi. Respublika üzrə 600-dək bələdiyyəyə (ümumilikdə ölkədə 2700-dən çox bələdiyyə var) keçirilən seçkilərdə yerlərin əksəriyyətini hakim Yeni Azərbaycan Partiyasının təmsilççiləri qazanıb.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: