Azərbaycan tarixi günbəgün: 8 noyabr
8 noyabr 1967 - Bakı metrosu fəaliyyətə başlayıb. «Bakı Soveti» («İçərişəhər») - «26 Bakı komsissarı» («Sahil») - «28 aprel» («28 may») - «Gənclik» -«Nərimanov» xətti istifadəyə verilib...
8 noyabr 1605 - Səfəvi və Osmanlı dövlətləri arasında növbəti müharibə (1603-1612) gedişində Süfiyan döyüşü (Təbriz yaxınlığında) baş verib. Döyüşdə Səfəvi qoşunları qalib gəlib. Bundan bir qədər əvvəl Təbrizdə Osmanlı hökmranlığına qarşı başlanmış üsyan nəticəsində I Şah Abbas şəhəri ələ keçirmişdi. Müharibənin yekunlarına dair bağlanan Sərab sülhünə (oktyabr 1612) görə, Səfəvilər bir öncəki savaşda itirdikləri əraziləri - Şirvandan Təbrizədək bütün Azərbaycan torpaqlarını geri aldılar.
8 noyabr 1967 - Bakı metrosu fəaliyyətə başlayıb. Paytaxtda 5 yeraltı stansiya - «Bakı Soveti» («İçərişəhər») - «26 Bakı komsissarı» («Sahil») - «28 aprel» («28 may») - «Gənclik» -«Nərimanov» xətti istifadəyə verilib. Bakıda metro tikintisi ideyası hələ 1930-cu illərdə gündəmə gəlsə də, müharibə (1941-1945) və sonrakı iqtisadi çətinlik səbəbindən bu iş 1960-cı illərdə başladı. Bakı metrosu keçmiş SSRİ-də beşinci metro idi. 2008-ci ildə Bakı metropolitenin 21-ci stansiyası («Nəsimi») istifadəyə verilib. Prezident İlham Əliyevin 2006-cı il 28 oktyabr tarixli sərəncamı ilə noyabrın 8-i Bakı metropoliteni işçilərinin peşə bayramı günü elan edilib.
8 noyabr 2000 - Avropa Şurası Nazirlər Komitəsinin 107-ci sessiyasında Azərbaycanın Avropa Şurasına üzv olmağa dəvət edilməsi barədə qətnamə qəbul edilib. Sənədə əsasən, Azərbaycana Avropa Şurası Parlament Assambleyasında 6 nəfərlik nümayəndə yeri ayrılıb. Azərbaycanın təşkilata rəsmi qəbulu 2001-ci il yanvarın 25-də gerçəkləşdi.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: