“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
09.11.2013, 10:12
1564

Azərbaycan tarixi günbəgün: 9 noyabr

A- A+

9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür. 1918-ci il noyabrın 9-da Xalq Cümhuriyyətinin hökuməti üçrəngli (mavi, qırmızı, yaşıl) dövlət bayrağı haqqında qərar qəbul edib...

 

9 noyabr 1918 – Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti üçrəngli (mavi, qırmızı, yaşıl) dövlət bayrağının qəbul olunması barədə qərar çıxarıb. Bu, Cümhuriyyətin sayca ikinci bayrağı idi. Azərbaycan milli hökuməti hələ Gəncədə yerləşərkən, 1918-ci il iyunun 24-də üzərində ağ ay və səkkizguşəli ulduz təsvir olunmuş al-qırmızı bayrağı dövlətin rəmzi olaraq qəbul etmişdi. 1920-ci ildə Azərbaycan sovetləşəndən sonra üçrəngli bayraq qırmızı sovet bayrağı ilə əvəzləndi. Ölkəmiz müstəqilliyini bərpa edəndən (1991) sonra Xalq Cümhuriyyətin bayrağı Azərbaycanın dövlət rəmzi kimi qəbul olundu. Prezident İlham Əliyevin 2009-cu ildə imzaladığı sərəncama əsasən 9 noyabr Dövlət Bayrağı Günü elan edilib.   

 

9 noyabr 1991 – Azərbaycanın Respublikasının dövlət müstəqilliyi birinci olaraq Türkiyə tərəfindən tanınıb. Türkiyənin baş nazir Məsud Yılmaz tarixi qərarı telefonla Azərbaycan Nazirlər Sovetinin sədri Həsən Həsənova çatdırıb.

 

9 noyabr 1993 – Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsi barədə bəyanat qəbul edib. Bəyanatda erməni qüvvələrinin işğal hərəkətinin davam etməsi pislənilir, ev-eşiyindən didərgin düşmüş əhaliyə yardım göstəriləcəyi bildirilirdi.

 

9 noyabr 1998 – ATƏT-in Minsk qrupunun həmsədrləri Qarabağ münaqişəsinin həlli ilə bağlı “ümumi dövlət” adlı yeni planı tərəflərə təqdim ediblər. Bundan öncəki planlardan («paket həll», «mərhələli həll») fərqli olaraq, yeni layihə beynəlxalq hüquq normalarına, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə zidd idi, Dağlıq Qarabağın faktiki müstəqil dövlətə çevrilməsini ön görürdü. Azərbaycan rəhbərliyi bu layihəni birmənalı şəkildə rədd etdi.

 

9 noyabr 2001 - Bakıda Dünya Azərbaycanlıların I qurultayı işə başlayıb. Prezident Heydər Əliyevin 23 may 2001-ci il tarixli sərəncamına əsasən keçirilən qurultayda Azərbaycan diasporunun 36 ölkədən 1150 nümayəndəsi və 900-dən çox qonaq iştirak edirdi. İki gün (9-10 noyabr) sürən qurultayda yekun qətnamə, dünya azərbaycanlılarına müraciət qəbul edildi. Forumda qəbul edilən qərara müvafiq olaraq 2002-ci ildə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi (2008-ci ildən Diasporla İş üzrə Dövlət Komitəsi) yaradıldı. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi