Azərbaycan tarixi günbəgün: 27 noyabr
27 noyabr 1988 - Ermənistan SSR-in Qafan, Quqark, Spitak və Stepanavan şəhərlərində azərbaycanlılara qarşı qətllər həyata keçirilib...
27 noyabr 1988 - Ermənistan SSR-in Qafan, Quqark, Spitak və Stepanavan şəhərlərində azərbaycanlıların deportasiyası terror və qətllərlə müşayiət olunub. Üç gün (27-29 noyabr) ərzində erməni silahlı dəstələri tərəfindən 33 azərbaycanlı qətlə yetirilib. Bu hadisədən sonra Ermənistandakı azərbaycanlı əhalinin kütləvi köçü son mərhələyə qədəm qoyub. 1988-ci ilin dekabrda Ermənistandan Azərbaycana 100 mindən çox (ümumilikdə 1988-1989-cu illərdə 220 minədək) soydaşımız pənah gətirdi.
27 noyabr 1991 - Dağılmaqda olan Sovet imperiyasının sonuncu mərkəzi orqanı - SSRİ Dövlət Şurası Dağlıq Qarabağ münaqişəsinə dair növbəti deklarativ qərar qəbul edib. Qərarın adı onun mahiyyətindən xəbər verirdi: "DQMV-də, Azərbaycan Respublikasının və Ermənistan Respublikasının sərhədyanı rayonlarında vəziyyəti sabitləşdirmək tədbirləri haqqında". Sənəddə Dağlıq Qarabağ ayrıca ərazi subyekti kimi göstərilmiş və onun Azərbaycanın ərazisi olduğu heç bir yerdə qeyd olunmamışdı. Bu, 1989-cu ilin yanvarından, yəni Dağlıq Qarabağ Muxtar Vilayəti xüsusi idaretmə forması ilə Moskvanın nəzarətinə veriləndən sonra ittifaq orqanları tərəfindən qəbul edilən qərarların davamı idi. SSRİ Dövlət Şurası Ermənistandan Dağlıq Qarabağın ilhaqı haqqında qərarı (1 dekabr 1989) ləğv etməyi tələb etsə də, Yerevan bunu qulaqardına vurdu.
27 noyabr 1992 - Azərbaycanla Macarıstan arasında diplomatik münasibətlər qurulub. Macarıstan Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci il dekabrın 26-da tanımışdı.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: