Azərbaycan tarixi günbəgün: 6 noyabr
6 noyabr 2005 - Üçüncü çağırış Milli Məclisə seçkilər yalnız majoritar sistem (125 seçki dairəsi) üzrə keçirilib...
6 noyabr 1926 - Azərbaycan radiosunun yarandığı gündür. Həmin gün Bakıda ilk radiostansiya fəaliyyətə başlayıb. İlk dövrdə radio verilişlərinin gündəlik efir vaxtı 2 saat təşkil edirdi. Sonradan bu vaxt 4 saata, daha sonra 6 saata çatdı. 1956-cı il fevralın 14-də isə Azərbaycanda ilk televiziya verilişi efirə çıxdı - Bakı Televiziya studiyası fəaliyyətə başladı. 6 noyabr Azərbaycan Televiziyası və Radiosu günü kimi qeyd olunur.
6 noyabr 1931 - Şair, nasir, tərcüməçi, publisist Tofiq Mahmud oğlu Mehdiyev (Tofiq Mahmud, 1931-1997) Naxçıvan MR Şahbuz rayonunda anadan olub. Azərbaycan Yazıçılar Birliyi uşaq və gənclər ədəbiyyatı şurasının sədri, SSRİ Yazıçılar İttifaqı uşaq və gənclər ədəbiyyatı şurasının üzvü olub. 1997-ci il aprelin 4-də Bakıda vəfat edib.
6 noyabr 1996 - Azərbaycanla Baxreyn dövləti arasında diplomatik münasibətlər qurulub.
6 noyabr 2005 - Üçüncü çağırış Milli Məclisə seçkilər keçirilib. 2002-ci ildə Konstitusiyaya edilmiş dəyişikliklərə əsasən, seçkilər yalnız majoritar sistem (125 birmandatlı dairə) üzrə keçirilib. İlk dəfə olaraq Xankəndi dairəsi üzrə də seçki keçirilmişdi. Seçkilərin Konstitusiya Məhkəməsi tərəfindən təsdiqlənən nəticələrinə görə, 115 dairədə deputatların seçildiyi elan olundu. Yeni Azərbaycan Partiyası 56 mandat, bitərəf namizədlər 40, müxalifət partiyaları isə ümumilikdə 15 mandat qazanmışdı. Daha bir neçə yeri iqtidaryönlü partiyaların təmsilçiləri əldə etmişdi. Pozuntular qeydə alınmış 10 dairə üzrə yeni seçkilər 2006-cı il mayın 13-nə təyin olundu.
6 noyabr 2008 - Azərbaycan prezidenti İlham Əliyev Türkiyəyə rəsmi səfəri gedişində Türkiyə Böyük Millət Məclisində çıxış edib. İlham Əliyev ikinci müddətə prezident seçildikdən sonra xaricə ilk rəsmi səfərini Türkiyəyə etmişdi. Səfər iki qardaş ölkə arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu bir daha göstərdi.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: