Azərbaycan tarixi günbəgün: 7 noyabr
7 noyabr 1949 - Abşeron yarımadasının 40 km cənub-şərqində, Xəzərin Azərbaycan sektorundakı «Qara daşlar» adlanan yerdə ilk neft quyusu fontan vurub...
7 noyabr 1908 - Tanınmış azərbaycanlı şair, pedaqoq Maqsud Şeyxzadə (1908-1967) anadan olub. Maqsud Şeyxzadə Bakıda təhsil alıb, sonra Daşkəndə köçüb. Özbəkistanın məşhur ədibi olub, özbək dilində çoxsaylı əsərlər, ssenarilər yazıb, tərcümələr edib.
7 noyabr 1917 - Görkəmli bəstəkar, xalq artisti Tofiq Quliyev (1917-2000) anadan olub. Çoxsaylı populyar mahnıların, film və tamaşalara yazılmış musiqi əsərlərinin müəllifidir.
7 noyabr 1918 – Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə Hərbi Nazirlik yaradılıb. Bu barədə ilk qərar oktyabrda qəbul olunmuşdu, noyabrda Osmanlı ordusunun Azərbaycanı tərk etməsi milli ordu quruculuğu prosesini daha da tezləşdirdi. İlk mərhələdə Hərbi Nazirliyə baş nazir F.Xoyski özü rəhbərlik edirdi . Dekabrda nazir postuna general S.Mehmanadarov, onun müavini vəzifəsinə general Ə.Şıxlinski təyin edildi. Bu arada Bakıya ingilis qoşunları daxil olduğundan Hərbi Nazirlik Gəncəyə köçdü və Qafqaz İslam Ordusunun bazasında Cümhuriyyətin Silahlı Qüvvələri yaranmağa başladı.
7 noyabr 1929 – Tanınmış ailim, geologiya-mineralogiya elmləri doktoru Vasif İsmayıl oğlu Əliyev anadan olub. 1982-ci il yanvarın 25-də vəfat edib.
7 noyabr 1949 - Abşeron yarımadasının 40 km cənub-şərqində, Xəzərin Azərbaycan sektorundakı «Qara daşlar» adlanan yerdə ilk neft quyusu fontan vurub. Buruq ustası Mixail Kaveroçkinin qazdığı quyuda 940 m dərinlikdən ilk neft hasil edilib. Bu hadisə Azərbaycan neft tarixində yeni eranın başlanğıcı olub. «Qara daşlar»ın fəthi 1947-ci ildə məşhur neftçi, geoloq, «Azneftkəşfiyyat»ın rəisi Sabit Orucovun rəhbərliyi ilə başlanmış, 1948-ci ilin noyabrında ilk neft desantı ərazidə məskən salmışdı. Sonralar bu yerdə əfsanəvi dəniz şəhəri - polad dirəklər üzərində (ümumi uzunluğu 300 km olan estakada) Neft Daşları salındı.
7 noyabr 2010 - Dördüncü çağırış Milli Məclisə seçkilər keçirilib. Seçkilərin nəticələrinə görə, yeni parlamentə 125 yerdən 74-nü hakim Yeni Azərbaycan Partiyasının təmsilçiləri qazanıb. 40-dək mandatı bitərəf namizədlər əldə edib, qalan yerləri digər partiyaların nümayəndələri bölüşdürüb.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: