Azərbaycan tarixi günbəgün: 16 iyul
16 iyul 1989 – Azərbaycan Xalq Cəbhəsinin təsis konfransı keçirilib. Əbülfəz Elçibəy təşkilatın sədri seçilib...
16 iyul 919 – Ərdəbil yaxınlığında Azərbaycan Sacilər dövlətinin başçısı Yusif Sacoğlunun qoşunları ilə Xilafət ordusu arasında döyüş olub. Ərəb qoşunları Yusifin ordusunu məğlub edib özünü əsir götürsələr də, Sacilər dövlətini Xilafətə tabe etdirə bilməyiblər. Əksinə, xəlifə Müktədir Yusifi Azərbaycan hökmdarı kimi tanıyaraq azad etməli olub. 901-ci ildə qardaşı Məhəmmədin ölümündən sonra Sacilər dövlətinə başçılıq edən Y.Sacoğlu onu bölgədə (indiki Cənubi Azərbaycan) güclü qüvvəyə çeviriişdi. Xilafətə vergi ödəməkdən imtina edəndən sonra ərəblər onunla bir neçə dəfə döyüşmüşdülər. Yusif Sacoğlu 927-ildə Kufə döyüşündə öldürülüb.
16 iyul 1804 – Birinci Rusiya-İran müharibəsi (1804-1813) başlanıb. Müharibənin ilkin nəticəsi olaraq imzalanan Kürəkçay müqaviləsinə (1805-ci il) əsasən, Azərbaycanın Qarabağ və Şəki xanlıqları Rusiyaya ilhaq edilib.
16 iyul 1934 - Azərbaycanın əməkdar memarı Rasim Həsən oğlu Əliyev Gəncədə anadan olub. Bakı şəhərinin baş memarı (1974-1988) işləyib. “Xalqlar dostluğu” metro stansiyasının, bir sıra mədəniyyət saraylarının, Naxçıvanda H.Cavidin məqbərəsinin (Ömər Eldarovla birlikdə) layihələrinin müəllifidir.
16 iyul 1989 – Bakıda yarıgizli şəraitdə Azərbaycan Xalq Cəbhəsinin təsis konfransı keçirilib. Bu, Azərbaycanda Qarabağ hadisələri ilə başlanan milli xalq hərəkatının qismən təşkilatlanması idi. Əbülfəz Elçibəy Xalq Cəbhəsinin sədri seçilib. AXC-nin 16 nəfərdən ibarət İdarə Heyətinə isə kifayət qədər fərqli baxışlı şəxslər seçilmişdi və tezliklə təşkilatda parçalanmalar başlandı.
16 iyul 1999 – İsveçrənin Cenevrə şəhərindəki Jato qəsrində Azrəbaycan və Ermənistan prezidentləri Heydər Əliyev və Robert Koçaryan arasında görüş keçirilib. Bu görüşlə yüksək səviyyəli Qarabağ danışıqları intensiv mərhələyə qədəm qoydu.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: