Azərbaycan tarixi günbəgün: 5 iyul
5 iyul 1921 – RK(b)P Qafqaz Bürosu Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması və mərkəzi Şuşa şəhəri olmaqla muxtar vilayətin yaradılması barədə qərar qəbul edib...
5 iyul 1921 – Rusiya Kommunist (bolşevik) Partiyasının Qafqaz Bürosunun iclasında Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibində saxlanılması barədə qərar qəbul edilib. Bir gün öncə, iyulun 4-də RK(b)P Qafqaz Bürosunun plenumunda erməni tərəfi Orconikidze və Kirovun dəstəyi ilə Dağlıq Qarabağın Ermənistana verilməsi barədə qərarın qəbuluna nail olmuşdular. Lakin Nəriman Nərimanov başda olmaqla Azərbaycanın kommunist rəhbərliyinin kəskin etirazı və RK(b)P MK-nın işə qarışması nəticəsində bu qərar ləğv olundu. Bununla belə, RK(b)P Qafqaz Bürosunun 5 iyul tarixli qərarında Dağlıq Qarabağa Azərbaycanın tərkibində saxlanılmaqla və mərkəzi Şuşa şəhəri olmaqla geniş vilayət muxtariyyətı verilməsi qeyd olunmuşdu.
Beləliklə, ermənilər əsas məqsədlərinə çatmasalar da, muxtariyyət qazanmış oldular. 1923-cü il iyulun 7-də Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti təşkil edildi.
5 iyul 2002 – Prezident Heydər Əliyevin fərmanı ilə Azərbaycan dövləti ilə xaricdəki soydaşlarımızla əlaqələri tənzimləyəcək qurum - Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılıb. Prezident İlham Əliyevin 2008-ci il 19 noyabr fərmanı ilə Diaspora ilə İş üzrə Dövlət Komitəsinə çevrilib.
5 iyul 2008 – Prezident İlham Əliyev Qazaxıstanın paytaxtı Astananın 10 illiyi ilə əlaqədar təntənəli yubiley tədbirlərində iştirak edib, bir sıra ikitərəfli görüşlər keçirib.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: