Azərbaycan tarixi günbəgün: 1 noyabr
1 noyabr Azərbaycanda «Kənd təsərrüfatı işçiləri günü”dür. Aqrar sahə işçilərinin peşə bayramı 2008-ci ildə təsis edilib...
1 noyabr 1906 - Azərbaycanın ictimai-siyasi və ədəbi fikir tarixində önəmli rol oynamış «Füyuzat» (ərəbcədən «gerçəyi dərk etmək») jurnalı nəşrə başlayıb. Hacı Zeynalabdin Tağıyevin maliyyə yardımı ilə nəşr olunan jurnalın redaktoru Əli bəy Hüseynzadə idi. Jurnalda Məhəmməd Hadi, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid və digər qabaqcıl ziyalılar çıxış edirdilər.
1 noyabr 1907 – Rusiyası imperiyasının parlamentinin yeni heyəti - III Dövlət Duması fəaliyyətə başlayıb. III Dövlət Dumasında Cənubi Qafqazın müsəlman əhalisini yalnız bir deputat, azərbaycanlı Xəlil bəy Xasməmmədov təmsil edirdi. Öncəki iki Dumadan (1905-1906) fərqli olaraq, III Dövlət Duması beşillik səlahiyyət müddətini sonadək (iyun 1912) işlədi.
1 noyabr 1993 - Prezident Heydər Əliyevin fərmanı ilə yenidən təşkil edilmiş Azərbaycan Respublikası Müdafiə Şurasının ilk toplantısı keçirilib. Toplantıda Müdafiə Nazirliyinin rəhbər strukturlarında kadr dəyişiklikləri edilib. Nurəddin Sadıqov müdafiə məsələləri üzrə dövlət müşaviri, Nəcməddin Sadıqov müdafiə nazirinin 1-ci müavini və Baş Qərargah rəisi təyin olunub.
1 noyabr 1994 - Azərbaycan Respublikası ilə Qvatemala arasında diplomatik münasibətlər qurulub.
1 noyabr 1999 - Ankarada prezident Heydər Əliyevə Atatürk Sülh Mükafatının təqdimetmə mərasimi keçirilib. Azərbaycan rəhbəri Türkiyə Cümhuriyyətinin yüksək mükafatına iki ölkə arasında dostluq əlaqələrinin inkişafı, Cənubi Qafqazda sülh və sabitlik naminə göstərdiyi xidmətlərə görə layiq görülmüşdü.
1 noyabr 2008 - Azərbaycanda ilk dəfə «Kənd təsərrüfatı işçiləri günü” qeyd olunub. Aqrar sahə işçilərinin peşə bayramı günü prezident İlham Əliyevien sərəncamı (9 oktyabr 2008) ilə təsis edilib.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: