“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
25.11.2013, 09:51
1482

Azərbaycan tarixi günbəgün: 25 noyabr

A- A+

25 noyabr 2000 - Bakıda 6-6,5 bal gücündə zəlzələ baş verib...

 

25 noyabr 1875 - Görkəmli dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Fətəli xan Xoyski (25.11 (yeni təqvimlə 7.12) 1875-1920) Şəkidə anadan olub. Əslən Cənubi Azərbaycanın Xoy şəhərindəndir, ulu babaları Xoy və Şəkinin xanları, atası İsgəndər xan çar Rusiyasının generalı olub. F.Xoyski 1906-cı II Dövlət Dumasının deputatı seçilib. Xalq Cümhuriyyətinin 1-3-cü hökumətlərində baş nazir (may 1918 - mart 1919) olub, 5-ci hökumətdə (dekabr 1919 - aprel 1920) xarici işlər naziri işləyib. 1920-ci il iyunun 19-da Tiflisdə erməni terrorçuları tərəfindən qətlə yetirilib.

 

25 noyabr 1893 - Türk mədəniyyəti tarixində əlamətdar hadisə baş verib. Danimarkalı alim Vilhelm Tomsen ilk dəfə qədim türk mədəni abidəsi olan Orxon-Yenisey daş kitabələrindəki yazıların oxunması barədə məlumat verib. İlk olaraq «Tanrı» və «türk» sözlərini oxumağa müvəffəq olan alim qədim türklərin yazı mədəniyyəti və əlifbası barədə kəşfi ilə dünya elminə və türkologiya tarixinə dəyərli töhfə verib.

 

25 noyabr 1901 - Xalq artisti Mərziyyə Yusif qızı Davudova (1901- 6.1.1962) Həştərxanda doğulub. Həştərxanda “İqbal” məktəbində tamaşalarda oynayıb. Hüseyn Ərəblinski Həştərxanda qastrolda olarkən gənc qızın oyununu bəyənib və onu Bakıya dəvət edib. 1920-ci ildə teatra gələn və taleyini əbədi olaraq teatra bağlayan Mərziyyə Davudova Azərbaycan teatr sənətinin inkişafında misilsiz xidmət göstərib. Görkəmli aktyor və rejissor Abbas Mirzə Şərifzadənin həyat yoldaşı olub.

 

1905 - Bakıda ilk fəhlə deputatları soveti yaradılıb. Çar Rusiyanı bürüyən inqilab dalğasının əsas siyasi mərkəzlərindən olan Bakı sol təmayüllü siyasi cərəyanların, o cümlədən bolşevikərin ən aktiv fəaliyyət meydanına çevrilməkdə idi.

 

25 noyabr 1918 - Tanınmış yazıçı-dramaturq İmran Qasımov (1918 - 20.4.1981) anadan olub. «Uzaq sahillərdə» romanının (Həsən Seyidbəyli ilə birgə), povest və hekayələrin, pyeslərin, bir sıra filmlərin («Bizim küçə», «İnsan məskən salır», «Onun böyük ürəyi» və s.) ssenarilərinin müəllifidir.

 

25 noyabr 1999 - Azərbaycan Respublikası ilə ATƏT arasında əməkdaşlığın yeni mərhələsinə təkan verən Qarşılıqlı Anlaşma Memorandumu imzalanıb. Bundan bir qədər əvvəl ATƏT Bakıda daimi ofis açmaq barədə qərar (16 noyabr 1999) qəbul etmişdi.

 

25 noyabr 2000 - Bakıda və Azərbaycanın digər bölgələrində 6-6,5 bal gücündə zəlzələ baş verib. Episentri Xəzər dənizində yerləşən zəlzələ nəticəsində Bakıda bir sıra binalar zərər görmüş, nisbi dağıntılar olmuş, bir neçə nəfər yaralanmışdı. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi