Azərbaycan tarixi günbəgün: 17 noyabr
17 noyabr Azərbaycanda Milli Dirçəliş Günüdür. 1988-ci ilin həmin günündə Bakıdakı Azadlıq meydanında ermənilərin Qarabağ iddialarına və azərbaycanlı əhalinin Ermənistandan deportasiyasına etiraz olaraq fasiləsiz mitinqlər başlayıb...
17 noyabr 1883 - Görkəmli cərrah, akademik, Azərbaycan Elmlər Akademiyasının ilk prezidenti Mirəsədulla Mirqasımov (1883-1958) anadan olub.
17 noyabr 1918 - General V.Tomsonun başçılıq etdiyi ingilis qoşunları Bakıya daxil olub. I Dünya müharibəsində məğlub olmuş Osmanlı ilə qalib Antanta dövlətləri (ABŞ, Britaniya, Fransa, İtaliya) arasında imzalanan Mudros sazişinə görə, Bakı və Batum şəhərləri, Cənubi Qafqazın dəmir yolu şəbəkəsi ingilislərin nəzarətinə verilmişdi. Bakıya 5 min ingilis hərbçisi gəlmişdi. İngilis hərbi kontingenti 1919-cu ilin avqustunadək Bakıda qaldı.
17 noyabr 1988 - Bakıdakı Lenin (indiki Azadlıq) meydanında ermənilərin Qarabağ iddialarına və azərbaycanlı əhalinin Ermənistandan deportasiyasına etiraz olaraq fasiləsiz mitinqlər başlayıb. Dekabrın 4-dək davam edən mitinqlərə 1 milyonadək insan toplaşırdı. Bu, SSRİ-də ən böyük kütləvi çıxışlar idi və Azərbaycanın tarixinə milli dirçəliş aksiyaları kimi düşdü. İlk dəfə həmin mitinqlərdə meydanda Azərbaycanın üçrəngli bayrağı qaldırılmışdı. 1992-ci ildə 17 noyabr Milli dirçəliş günü elan edildi.
17 noyabr 1990 - Naxçıvan MSSR Ali Məclisinin yeni seçilmiş tərkibdə ilk iclası keçirilib. Məclisin qocaman deputatı olan Heydər Əliyevin sədrliyi ilə keçən iclasda tarixi qərarlar qəbul edilib. Ali Məclisdə ilk dəfə Xalq Cümhuriyyətinin üçrəngli bayrağı qaldırılıb, muxtar respublikanın adından “Sovet Sosialist” sözləri çıxarılıb.
17 noyabr 2006 - Prezident İlham Əliyev türkdilli dövlət başçılarının Antalyada keçirilən 8-ci sammitində iştirak edib.
17 noyabr 2007 - Bakıda türk dövlət və toplumlarının XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı keçirilib.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: