Azərbaycan tarixi günbəgün: 29 noyabr
29 noyabr 1990 – Prezident Ayaz Mütəllibov Azərbaycan SSR-in Azərbaycan Respublikası adlandırılması və üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı elan edilməsi barədə fərman verib...
29 noyabr 1744 - Səfəvi dövlətinin süqutundan sonra Azərbaycan torpaqlarını İran taxtı ətrafında birləşdirmək istəyən Nadir şah Şəkiyə yürüş edib. Bundan az öncə Şəkidə Hacı Çələbinin başçılığı ilə üsyan baş vermiş və müstəqil Şəki xanlığı yaranmışdı. Nadir şahın Şəki xanlığını özünə tabe etdirmək cəhdi uğursuz oldu. Bir qədər sonra (13 fevral 1745) Şəkiyə yenidən yürüş edən Nadir şahın qoşunları yenə uğursuzluqla üzləşdi.
29 noyabr 1918 – Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadə ölkədə keçiriləcək parlament seçkiləri ilə bağlı Azərbaycan əhalisinə müraciət edib. Rəsulzadə «milli və məzhəb fərqlərinə baxmayaraq» bütün əhalini Xalq Cümhuriyyətinin yeni parlamentində təmsil olunmağa çağırıb: «Ümumi vətəndə müştərək həyatlarını qurmaq üçün onlar bir-birlərinə əl uzatmalı və yardım etməlidirlər». Lakin bu çağırış erməni və ruslar tərəfindən rədd edildi və onlar ilk mərhələdə parlamentdən kənarda qaldılar.
29 noyabr 1928 - Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, dünya şöhrətli rəssam Tahir Salahov anadan olub. Böyük sənətkar 2008-ci ildə 80 illik yubileyi münasibətilə prezident İlham Əliyevin sərəncamı ilə «Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə görə» ölkəmizin ən yüksək mükafatı - «Heydər Əliyev» ordeni ilə təltif olunub.
29 noyabr 1947 - Tanınmış jurnalist, publisist Mirzə Xəzər (Mirzə Kərim oğlu Mikayılov) Göyçay rayonunda doğulub. 1974-cü ildə İsrailə mühacirət edib, sonra ABŞ-a köçüb. Uzun müddət "Amerikanın səsi" və "Azadlıq" radiolarında Azərbaycan redaksiyasına rəhbərlik edib. 1990-cı ilin 20 Yanvar faciəsi barədə dünyaya ilk informasiya yayan jurnalistlərdən biri olub.
29 noyabr 1990 – Prezident Ayaz Mütəllibov Azərbaycan SSR-in adının dəyişdirilərək Azərbaycan Respublikası adlandırılması və üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı elan edilməsi barədə fərman verib. 1991-ci ilin 5 fevralında yeni seçilmiş (sentyabr-oktyabr 1990) Azərbaycan Ali Sovetinin ilk iclasında bununla bağlı xüsusi qanunlar qəbul olundu.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: