Azərbaycan tarixi günbəgün: 21 noyabr
21 noyabr 1992 - Yeni Azərbaycan Partiyasının təsis konfransında Heydər Əliyev partiyanın sədri seçilib...
21 noyabr 1992 - Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilib. Təsis konfransında partiyanın məramnamə və nizamnaməsi qəbul olunub, rəhbər orqanları seçilib. Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev açıq səsvermə əsasında yekdilliklə partiyanın sədri seçilib. Təsis konfransında Azərbaycan xalqına müraciət qəbul olunub. Müraciətdə Yeni Azərbaycan Partiyasının xalqı və ölkəni düşdüyü böhran vəziyyətindən xilas etmək əzmi vurğulanırdı. YAP Azərbaycanın siyasi müstəvisinə daxil oldu və bir il keçməmiş ölkənin hakim partiyasına çevrildi.
21 noyabr 2002 - Praqada keçirilən NATO sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü keçirilib. Bu, Heydər Əliyev və Robert Koçaryan arasında 1999-cu ildə başlanan görüşlər seriyasının sonuncusu (20-ci) idi. Prezidentlər görüşdə hər hansı nəticə əldə olunmadığı bildiriblər. Noyabrın 22-də Avroatlantika Tərəfdaşlıq Şurasının iclasında çıxış edən prezident Heydər Əliyev beynəlxalq birliyi, o cümlədən NATO Azərbaycanın məruz qaldığı işğala laqeyd münasibət göstərməməyə çağırıb.
21 noyabr 2008 - İstanbuda Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan parlament nümayəndə heyətlərinin ikigünlük görüşünün yekunu olaraq Türkdilli Ölkələrin Parlament Assambleyası təsis edilib. Bununla bağlı dörd ölkənin parlament rəhbərləri tərəfindən Birgə bəyannamə imzalanıb. Bəyannamənin digər türkdilli dövlətlər üçün açıq olduğu elan edilib. Parlament Assambleyasının təşkili ilə bağlı məsələlərin 2009-cu ildə Bakıda keçiriləcək toplantıda həll olunması qərara alınıb.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: