Azərbaycan tarixi günbəgün: 19 dekabr
19 dekabr 1991 - Azərbaycanla Ermənistan arasında dəmir yolu nəqliyyatı tamamilə dayandırılıb...
19 dekabr 1921 – Milli təsviri sənətimizin görkəmli nümayəndəsi, Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, SSRİ Rəssamlıq Akademiyasının akademiki Mikayıl Hüseyn oğlu Abdullayev (1921 - 21.8.2002) anadan olub.
19 dekabr 1943 - Bəstəkar, Əməkdar incəsənət xadimi, professor Fərəc Qara oğlu Qarayev anadan olub.
19 dekabr 1950 - Xalq artisti Gülşən Ağadadaş qızı Qurbanova (1950-2007) anadan olub.
19 dekabr 1991 - Azərbaycanla Ermənistan arasında dəmir yolu nəqliyyatı tamamilə dayandırılıb. Azərbaycan bu məcburi addımı Ermənistan tərəfin Mehri rayonu ərazisində qatarlara mütəmadi hücumların edilməsinə cavab olaraq atmışdı. Bu ərazidə Bakı-Naxçıvan marşrutu ilə hərəkət edən qatarlara basqınlar hələ 1989-cu ildə başlamış və o vaxtdan dəmir yolunda hərəkət dəfələrlə kəsilmişdi. Əslində ermənilər bunda maraqlı idilər, çünki Azərbaycan-Ermənistan dəmir yolu əlaqəsinin dayandırılması nəticə etibarilə Naxçıvanı ağır iqtisadi blokadaya saldı. Eyni zamanda, ermənilər bu faktdan sui-istifadə edərək 1992-ci ildə ABŞ Konqresində Azərbaycana qarşı 907 saylı qadağanın qəbuluna nail oldular.
19 dekabr 1993 - Heydər Əliyev Azərbaycan prezidenti postunda ilk rəsmi səfərini Fransaya edib. Səfər AXC iqtidarı dövründə soyuqlaşmış Azərbaycan-Fransa münasibətlərinin sahmanlanması üçün böyük önəm kəsb edirdi. Heydər Əliyev səfər gedişində Fransada yaşayan azərbaycanlı icmasının nümayəndələri ilə də görüşmüş, Parisdəki Sen-Klu qəbirstanlığında Azərbaycan xalqının görkəmli oğullarının - Əlimərdan bəy Topçubaşovun və Ü.Hacıbəyovun qardaşı Ceyhun Hacıbəylinin məzarlarını ziyarət etmişdi.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: